BAKI, 26 may — Sputnik. Bu yaxınlarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziya kanalların Azərbaycan dilinin istifadəsində ən çox rast gəlinən nöqsanlarını qeyd edib. Xarici filmlərin dublyajında yol verilən nöqsanlara da xüsusi diqqət yetirilib.
Ümumiyyətlə, telekanallarda nümayiş olunan filmlərin dublyajında Azərbaycan dilindən istifadə ilə bağlı vəziyyət, dublyaj prosesində yaranan problemlər və onların aradan qaldırılması tədbirləri təkcə monitorinq aparanların deyil, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir.
Yaranmış problemləri necə aradan qaldırmaq və yerli dublyajının səviyyəsini necə yüksəltmək olar? Bu suala Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən diskussiyada cavab axtarılıb.
Ssenarist, yazıçı Cəlil Cavanşir bildirib ki, ölkəmizdə bu sahənin peşəkarları mövcuddur və bu işin bizdə yaxşı ənənəsi var. Yazıçının fikrincə, dublyaj sahəsində olan problemlərin kökündə qonorar dayanır. Bu işlə məşğul olan insanlara, tərcüməçilərə çox cüzi məbləğ ödənilir. Bu məbləğ simvolikdir. Halbuki bu işlə məşğul olan insanlara yüksək qonorar verilməlidir ki, can yandırsınlar: "Bizdə isə hər şey tezbazar həll olunur. Gecə filmi tərcüməçiyə verirlər. Tərcüməçi onu tezbazar tərcümə edir, səhər aktyorlara təqdim edilir. Onlar da yola verirlər. Ona görə də xeyli xətalar olur. Baxırsan filmdə başqa mövzudan danışılır, bizim dublyajımızda isə tamam başqa şeydən söhbət gedir".
C.Cavanşirin fikrincə, heç bir əcnəbi tərcüməçi buradakı qiymətlərlə tərcümə etməz: "Mənə bir neçə dəfə təklif gəlib, rədd etmişəm. Düşünürəm ki, o məbləğdə işləməklə özümü istismar etmiş oluram. Adətən bizdə rus və türk dilindən tərcümə olunur. Məsələn, alman dilində olan film türk dilinə, türkcədən də azərbaycancaya tərcümə olunur. Nəticədə bizə ancaq o filmin havası gəlib çatır. Televiziyalar xeyli sayda xarici film və seriallar gətirir, dublyaj etdirirlər. Bir tərəfdən yaxşıdır, tamaşaçılar dünya filmlərinə baxırlar. Pis tərəfi odur ki, film çoxaldıqca, keyfiyyət aşağı düşür. Yaxşı iş üçün yüksək məbləğ ödənilməlidir. Düşünürlər ki, sənət adamı hava ilə, su ilə dolana bilər, sənət fədaisi olmalıdır. Mən bununla razılaşmıram. Sənət adamı niyə fədakar olmalıdır?"
Dublyajda olan problemlərindən danışan rejissor, aktyor, qiraətçi Kamal Yaşar da hesab edir ki, bütün problemlərin kökündə maddiyyat dayanır. Uzun illər bu sahədə çalışan aktyorun fikrincə, bu sahənin bir mərkəzdən idarə edilməsi yaxşı olardı:
"Sovet dönəmində dublyaj kinostudiyada mərkəzləşmişdi. O dövrdə aktyorlar, rejissorlar, redaktorlar bir filmi götürürdülər və onun üzərində uzun müddət işləyirdilər. Onlar həmin filmə rahatlıqla baxırdılar, ən incə detallarına qədər diqqət edirdilər. Ən əsası da odur ki, həmin müddətdə yaradıcı heyətin qonorarı ödənilirdi. Ona görə də yaxşı nümunələr ortalığa çıxırdı. İndi isə vəziyyət elə gətirib ki, olduqca gülünc bir məbləğ ödənilir. Aktyorlar da çalışırlar 3-4 seriyanı birnəfəsə işləsinlər ki, heç olmasa əllərinə qəpik-quruş çatsın. Bəzən dublyajdan çıxanda adamın çənəsi ağrıyır. Bu, heç etik də deyil. Həddən artıq yüklənmə var. Bütün problemlər də elə oradan qaynaqlanır".
K.Yaşarın fikrincə, dublyaj filmləri bir də ona görə keyfiyyətsizdir ki, onlar lisenziyasızdır: "Bu sahədə haram var. Bəzi filmlər istisna olmaqla, hamısı ya piratdır, ya da köhnə filmlərdir. Bu filmlər "oğurlanır", lisenziyası olmur. Onların keyfiyyəti həddindən artıq zəif olur. İctimai Televiziyada lisenziya ilə film almağa cəhd edirlər. Bir də "Cinemazadə" studiyası yüksək məbləğdə vəsaitlə film alırdı, aktyora da yaxşı qononar ödəyirdi. Müəyyən səbəblərdən dayandı. Aktyorları ora dəvət edəndə sevinə-sevinə gedirdilər. Çünki dublyaj bazarında ən yaxşı məbləğ orada idi. İctimai Televiziya da 90-ların və 2000-ci illərin filmlərini alır. Çünki, yeni filmlərin lisenziya qiyməti çox yüksəkdir".
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.