ELM

Tarixi əhəmiyyətli qalada tədqiqat işləri aparılır - FOTO

Səfəvi hökmdarı I Təhmasibin hücumu zamanı top və mancanaqlardan atılan mərmilər nəticəsində dağıdılan qalada hazırda qazıntı işləri davam edir.
Sputnik
BAKI, 26 may — Sputnik. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı olan Buğurt qalasında tədqiqat işləri aparır. Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyevin rəhbərliyi ilə aparılan tədqiqat işləri may ayın axırına qədər davam edəcək. Bu barədə məlumat verən arxeoloq Akif Quliyevin sözlərinə görə, qalada arxeoloji araşdırmalar 2019-cu ildən başlayıb. Tədqiqatlar nəticəsində XIV-XV əsrlərə aid inzibati bina qalıqları aşkara çıxarılıb. Yonulmuş qaya daşları və bişmiş kərpicdən inşa edilən binanın günbəzi Səfəvi hökmdarı I Təhmasibin 1538-ci ildə Buğurt qalasına hücumu zamanı top və mancanaqlardan atılan mərmilər nəticəsində dağıdılıb.
Hazırda qazıntı işləri binanın cənub-şərq hissəsində, kompleksə daxil olan böyük binanın ərazisində davam etdirilir. Bu günlərdə institut əməkdaşlarının bir qrupu aparılan arxeoloji tədqiqatlarla yaxından tanış olmaq üçün qalada olublar. Yaxın zamanlarda Şamaxı arxeoloji ekspedisiyası Şirvanşahların digər iqamətgahı olan Gülüstan qalasında da arxeoloji tədqiqat işlərini bərpa edəcək.
Məlumat üçün bildirək ki, Buğurt qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir.
Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunub. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Səfəvilər dövründə İskəndər Münşünün yazdığına görə bu müharibələr zamanı həm Gülüstan, həm də Buğurt qalası Təhmasibin əmri ilə dağıdılmışdı. Lakin Abdulla xan Şirvan bəylərbəyisi olan zaman türk sultanı Süleyman Qanuninin Şirvana yürüşü zamanı türk qoşunlarının başçısı Qasım bəy Buğurt qalasından hərbi müdafiə məntəqəsi kimi istifadə etməsi bu iddianın səhv olduğunu göstərir. Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.