CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq nazir ev dustaqlığına buraxılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səhhəti ilə əlaqədar olaraq ev dustaqlığına buraxılıb.
Sputnik
BAKI, 26 may — Sputnik. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
Bu barədə Səbail rayon Məhkəməsində qərar çıxarılıb. APA-nın xəbərinə görə, məhkəmənin qərarına əsasən Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıl­ıb.
Toplanılan materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılan yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.