BAKI, 26 may — Sputnik. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "Azərbaycanfilm - 100" adlı ssenari müsabiqəsi elan edib. "Azərbaycanfilm" kinostudiyasından verilən məlumata görə, tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
Qeyd edək ki, kinostudiyanın 100 illiyi münasibəti ilə elan olunan müsabiqə "Qarabağ" mövzusunda keçirilir. Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılır. Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2022-ci il 30 iyun saat 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir. Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.
Cəmiyyətdə zəfər mədəniyyətinin formalaşmasına töhfə verəcək əsərlərin yaradılmasına xidmət edən müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti çəkən həmyerlilərimizin əzəli torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyətini əhatə etməlidir.
Qalib ssenarilərin mükafat fondu aşağıdakı kimidir:
1-Cİ YER: 10.000 (on min) manat
2-Cİ YER: 8.000 (səkkiz min) manat
3-CÜ YER: 5.000 (beş min) manat
Məbləğə bütün vergilər daxildir.
Qalib ssenarinin müəllifi iki nəfər və ya daha artıq olduqda məbləğ onların arasında bölünür.
MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ
Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:
1-ci mərhələ - Ssenari və sənədlərin qəbulu
2-ci mərhələ - Bədii seçim
1-ci mərhələ - Layihələrin qəbulu
Müsabiqənin təşkili direktorun müvafiq əmri ilə müəyyən etdiyi Ekspert Şurası tərəfindən həyata keçirilir.
Müsabiqəyə təqdim edilən ssenarilərdə və sənədlərdə qüsur olmadığı halda ssenarilər 2-ci mərhələdə iştirak hüququ əldə edir.
Layihələrin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərini əhatə edir.
2-ci mərhələ - Bədii seçim
Bədii seçim mərhələsi 1 iyul – 31 iyul 2022-ci il tarixlərində keçirilir.
Müsabiqə qaliblərinin adı 2022-ci il avqust ayının 2-də Kino günündə elan olunur.
MÜSABİQƏNİN QƏBUL ŞƏRTLƏRİ
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.
- Hər iştirakçı yalnız bir ssenari ilə müsabiqəyə qoşula bilər.
- Müsabiqəyə göndərilən ssenarilərin janrına məhdudiyyət qoyulmur.
Təqdim edilməli olan sənədlər paketinə aşağıdakılar daxildir:
- Müsabiqənin müraciət forması;
- Filmin layihəsi - loqlayn, sinopsis, tritment (əgər varsa), ssenari
- Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;
- Müəllifin CV-si;
- Ssenarinin iştirakçıya aid olduğu haqqında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən alınmış müvafiq sənədin surəti.
- Müraciət formasının bütün bəndləri dəqiq doldurulmalıdır, əks halda bu, müraciət edənin müsabiqədə iştirakına əngəl ola bilər.
Ssenari beynəlxalq yazılış formatına uyğun olmalıdır:
- font (şrift): Courier (Courier new);
- Şriftin ölçüsü: 12;
- Tam ssenarisi göndərilməyən müraciətlər nəzərə alınmayacaq.
Ssenari və digər sənədlər Azərbaycan dilində təqdim olunmalıdır;
- Bütün sənədlər PDF formatında olmalıdır.
- Qalib müəlliflər pul mükafatı və diplomla mükafatlandırılır.
Müsabiqədə qalib gələn ssenarilərin müəllifləri ilə müqavilə bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur.
Birinci yerin qalibi olan ssenari əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə tammetrajlı bədii filmin istehsal olunması nəzərdə tutulur. Müsabiqəyə təqdim olunan layihələrin müəlliflik hüquqları ilə bağlı sonradan yarana biləcək hər hansı mübahisəli məsələyə görə Ekspert Şurası məsuliyyət daşımır.
Elektron poçt vasitəsilə müraciətlər yalnız "ssenari müsabiqəsi" başlığı altında göndərilməlidir.
Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır.
Müsabiqə ilə bağlı təşkilati işlər "Azərbaycanfilm" kinostudiyasının İctimaiyyətlə əlaqələr departamenti tərəfindən həyata keçirilir.
Əlavə məlumat üçün:
Telefon: (012) 430-87-84 / 85;
Həftənin iş günləri saat 10:00-17:00-dək;
E-poçt: musabiqe@azerbaijanfilm.az
https://t.me/Acevsmisle/2670