BAKI, 26 may — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm.
Bu gün həmçinin Niderlandın Kralı Villem-Aleksand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
O məktubunda qeyd edib: "Ölkənizin milli bayramının – Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram".
Xatırladaq ki, ötən gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Müstəqillik Günü münasibəti ilə ABŞ Prezidenti Cozef Bayden, Belarus Prezidenti Aleksandr Lukaşenko, Xorvatiya Prezidenti Zoran Milanoviç, Mərakeşin Kralı VI Məhəmməd, İsveçrənin Prezidenti İqnazio Kassis, Misirin Prezidenti Əbdülfəttah əs-Sisi və digər dövlət başçıları Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.