BAKI, 26 may — Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov xaricdə Rusiya abidələrinin qorunmasından danışaraq, Xarici İşlər Nazirliyinin hər gün bununla məşğul olduğunu, bütün mümkün tədbirlərin görüldüyünü, lakin çoxlu nizamsızlıq, qarışıqlıq olduğunu vurğulayıb.
Bundan əvvəl Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski bildirmişdi ki, Vyanada naməlum şəxslər Avstriyanın nasizmdən azad edilməsi zamanı həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin yanındakı divara millətçi simvolu çəkiblər. Memorial Vyananın mərkəzindəki Şvarçenberqplatz meydanında yerləşir.
"Sizə kim dedi ki, biz (xarici dövlətlərin səfirlərini) dəvət etməmişik? Xarici İşlər Nazirliyi gündəlik olaraq çox gərgin işləyir və indi bir çox Avropa ölkələrində baş verən bu qarışıqlıqlar və iğtişaşlarla mübarizə üçün çox gərgin diplomatik iş aparılır. Diplomatlarımızın işi çox da asan deyil, amma heç nəyə baxmayaraq, buna qarşı çıxmaq, rəsmi orqanlarla əlaqə saxlamaq üçün hər cür səy göstərirlər, baxmayaraq ki, indi bu çox, çox çətindir", - deyə Peskov xaricdə Rusiya Federasiyasının abidələrinin mühafizəsi üçün kifayət qədər tədbirlərin görülürüb-görülməməsi sualına cavab verib.
Onun sözlərinə görə, "diplomatik təcrübənin və dövlətlərarası münasibətlərin imkan verdiyi bütün mümkün tədbirlər görülür".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi onu da bildirib ki, "Təəssüf ediləsi haldır ki, sadəcə olaraq, həddən artıq nizamsızlıq və qarışıqlıq var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.