BAKI, 26 may — Sputnik. Hərbi icmalçı Aleksandr Xrolenkonun fikrincə, mayın 24-də Rusiya və Çinin strateji bombardmançı-raketdaşıyanlarının Sakit okean üzərində birgə döyüş növbəsi heç də təsadüfən ABŞ, Yaponiya, Hindistan və Avstraliya liderlərinin görüşü ilə üst-üstə düşmədi.
Vaşinqtonun patoloji olaraq hərbi-siyasi gərginlik və regional hərbi münaqişə zonaları yaratmaq istəyi RF və ÇXR-in təhlükəsizlik və suverenliyinə təhdiddir. Ona görə də Moskva və Pekin eyni dərəcədə ABŞ-ın aqressiv siyasətinə cavab verməyə hazırdırlar – birlikdə və strateji nüvə silahı daxil olmaqla bütün vasitələrlə.
Rusiya HKS və Çin HHQ-nin Tu-95MC və Xun-6K strateji bombardmançı-raketdaşıyanları çərşənbə axşamı, mayın 24-də Asiya-Sakit okean bölgəsində birgə döyüş növbəsini həyata keçiriblər.
"Strateqləri" Rusiyanın Su-30CM qırıcıları qoruyub. Marşrutun ayrı-ayrı mərhələlərində Rusiya-Çin aviaqrupunu Yaponiya və Cənubi Koreya HHQ-nin F-15 və F-2 təyyarələri müşayiət ediblər.
Rakeydaşıyanlar 13 saat ərzində Yapon, Şərqi-Çin və Filippin dənizlərini keçiblər, yəni, ardıcıl olaraq böyük mənzilli qanadlı raketlərin ABŞ, Yaponiya və Avstraliyanın hərbi bazalarına doğru buraxılış mövqelərinə çıxışı məşq etmək imkanı əldə ediblər (hipotetik olaraq Yokosuka, Quam, Perl-Harbor, Qaeden-Aylend və başqaları hədəf məsafəsində olublar).
Rusiyanın Tu-95МС təyyarəsi göyərtəsində 16-dək dünyada analoqu olmayan 5500 km mənzilli X-101 və X-102 qanadlı raketini (termonüvə başlıqla) daşımaq qabiliyyətinə malikdir. Döyüş şəraitində bir TU-95MC raketdaşıyanı düşmənin HƏM zonasına daxil olmadan bir neçə hərbi bazanı və şəhəri məhv edə bilər.
Çinin Xun-6K raketdaşıyanı 3000 km mənzilli altı CJ-10K (CJ-10A) strateji qanadlı raketi daşımağa qadirdir.
Rusiya-Çin aviaqrupunun məcmu döyüş potensialı "mobil Armageddon" assosiasiyası doğurur.
RF və ÇXR raketdaşıyanları neytral sular üzərində hava məkanından istifadəyə dair beynəlxalq qaydalara uyğun hərəkət edərək digər dövlətlərin sərhədlərini pozmayıblar.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, birgə patrul üçüncü ölkələrə qarşı yönəlməyib, Çinin hərbi idarəsi əsas hədəf kimi Rusiya və Çinin strateji aviasiyasının qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsini göstərib.
Beləliklə, texnoloji olaraq və çox söz demədən Moskva və Pekin Asiya-Sakit okean bölgəsində öz maraqlarını və imkanlarını nümayiş etdiriblər, mümkün hərbi əməliyyatlar teatrını (HƏT) qiymətləndiriblər. Həmçinin Rusiya və Çinə müəyyən hərbi-siyasi problemlər yaratmaq istəyən Vaşinqtona müəyyən siqnal göndəriblər.
Ağ Evdə təlaş
Amerikalılar Rusiya-Çin xəbərdarlığına narahatlıqla reaksiya veriblər. ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinin “Fox News” telekanalının efirində səsləndirdiyi fikrə əsasən, Rusiya və Çin prezident Co Baydenin Şərqi Asiyaya səfəri zamanı "nüvə başlıqlı bombardmançılarını ona görə uçurublar ki" iki ölkənin "sərhədsiz" strateji tərəfdaşlığının nə qədər ciddi olduğunu göstərsinlər.
"Çin Rusiya ilə Hind-Sakit okean bölgəsindəki əməkdaşlığını davam etdirir, hətta Rusiya Ukraynaya qarşı amansız davrandığı bir dövrdə belə", - məmur deyib.
Vaşinqton bəyan edib ki, "ABŞ-ın müttəfiqlərini və tərəfdaşlarını qorxutmaq cəhdləri yalnız kollektiv qətiyyəti möhkəmlədəcək". Maraqlıdır ki, Moskva və Pekinin ünvanına bu yaxınlarda həyata keçirilmiş hərbi təhdidlərdən sonra Ağ Evdə nə gözləyirdilər?
Silah, döyüş sursatları, kəşfiyyat məlumatı və "mütəxəssislərin" göndərilməsi ilə ABŞ və müttəfiqləri Ukrayna ərazisində Rusiya ilə proksi-müharibə aparırlar.
ABŞ prezidenti Co Bayden mayın 23-də bəyan edib ki, ABŞ ordusu Çinin müdaxiləsi halında Tayvanı müdafiə edəcək. Bu Üçüncü Dünya müharibəsinə doğru addımdır. Xatırladım ki, "qopmuş" Tayvan əyaləti ÇXR-in qanuni və ayrılmaz hissəsidir. Ada "dövləti" BMT-də təmsil olunmayıb və dünyanın 15 ölkəsi tərəfindən tanınıb.
Vaşinqton üzdə "bir Çin" siyasətinə sadiqdir, lakin Tayvan ərazi problemini Pekinə təzyiq üçün istifadə edir. ABŞ fəal surətdə adalıları silahlandırır – Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı zamanı Kiyev rejiminə silah tədarükü təcrübəsini nəzərə almaqla. Birləşmiş Ştatlar Tayvana F-16 qırıcılarını, reaktiv yaylım atəşli sistemlərini, gəmi əleyhinə silahları, hətta hərbi kəşfiyyat məlumatlarını söz veriblər.
ÇXR silahlı qüvvələri Tayvan adası yaxınlığındakı akvatoriyada ABŞ-a "ciddi xəbərdarlıq" olaraq manevrlər keçiriblər.
Daha öncə Çin təyyarələri Cənubi-Çin dənizində artıq ABŞ-ın “Theodore Roosevelt” aviadaşıyanına qarşı zərbələri məşq ediblər – 1500 km mənzilli hipersəs CH-AS-X-13 raketləri ilə.
Və Sakit okean üzərinə Rusiya-Çin strateji raketdaşıyanlar qrupunun peyda olması çox qanunauyğun görünür. Aqressiv təxribatçı əllərindən və hətta başından möhkəm zərbə ala bilər.
"Hegemon"un regional oyunları
QUAD (Quadrilateral Security Dialogue) təhlükəsizlik üzrə dördtərəfli dialoq ölkələrinin liderləri Tokioda Çinin artan nüfuzuna qarşı addımları müzakirə edirlər. Lakin ABŞ sammitdən yeni hərbi koalisiyanı formalaşdırmaq üçün istifadə edir. Koalisiyanın əsas məqsədi Hind-Sakit okean bölgəsində ABŞ-ın mövcudluğunun möhkəmləndirilməsi və hər vəchlə Çinin "qarşısının alınması".
Hərbi münaqişə istisna olunmur. Yaponiya, Hindistan və Avstraliyanın resurslarının hesabına amerikalılar "blokada həlqəsini", ÇXR-in iqtisadi və hərbi-siyasi cəhətdən "boğulması" sistemini formalaşdırmaq niyyətindədirlər. Analoji Avropa konfiqurasiyası – NATO ölkələri və Ukrayna – Vaşinqtonun anti-Rusiya siyasətinin həyata keçirilməsində tamamilə işlək alətdir.
Yaponiyanın anti-Rusiya və anti-Çin hökuməti hərbi vasitələrlə ABŞ-ın bölgədəki maraqlarını qorumağa hazırdır.
Daha öncə ABŞ Avstraliya ilə onun ərazisində ABŞ-ın yeni hərbi-dəniz və aviabazalarının tikilməsi barədə razılaşıb.
Hindistan ABŞ-ın satelliti deyil və "böyük dördlüyə" gözlənilməzlik elementini daxil edir, lakin Dehli və Pekinin geosiyasi rəqabəti QUAD formatında əməkdaşlıq üçün baza yaradır.
Böyük dördlük konsepsiyası – "açıq, azad və təhlükəsiz" Hind-Sakit okean bölgəsinin "qaydalara" əsaslanan inkişafı, "Çinin qaydasız dünyasına" qarşı.
Çin QUAD iştirakçılarını əsassız ittihamlar irəli sürməməyə, bloklar yaratmamağa çağırır, çünki bu həqiqətən regional sülhə və sabitliyə təhdiddir. Çünki ABŞ özünün rəqibləri kimi eyni zamanda iki fövqəldövləti təyin edib – Çini ("strateji çağırış") və Rusiyanı ("təcili təhlükə").
Vaşinqtonun təhlükəli Hind-Sakit okean oyunu Pekinlə Moskvanı hərbi-strateji əməkdaşlığı möhkəmləndirməyə, Avrasiya materikində, Dünya okeanında və kosmik məkanda yeni təhlükəsizlik alətləri formalaşdırmağa məcbur edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.