AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanlı uşaqların İraqdan ölkəmizə repatriasiyası həyata keçirilib

Azərbaycan XİN-dən bildirilib ki, bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, ümumilikdə 290 nəfər Azərbaycan vətəndaşı İraqdan ölkəmizə repatriasiya olunub.
Sputnik
BAKI, 25 may — Sputnik. Mayın 25-də İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 nəfər uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə onların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi tərəfindən onların Azərbaycan Respublikasına repatriasiyası təşkil edilib, o cümlədən uşaqlar Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin ediliblər. Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu tərəfindən sözügedən şəxslərin hava limanında sürətli keçidi təmin olunub.
Azərbaycan Respublikasına gəldikdən sonra repatriantlar zəruri tibbi yoxlamadan keçirilib, reinteqrasiyası və reabilitasiyası üçün müvafiq müəssisədə yerləşdiriliblər. Müvafiq prosedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur.
Bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, ümumilikdə 290 nəfər Azərbaycan vətəndaşı İraqdan ölkəmizə repatriasiya olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.