BAKI, 25 may — Sputnik. Azərbaycanda bəzi şəxslərin işdən çıxarılması qadağandır, işəgötürən həmin şəxsləri işdən çıxara bilməz. Qanunvericilikdə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib.
İşdən çıxarılması qadağan edilən şəxslər və hallar ilə bağlı əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov Sputnik Azərbaycan-a danışıb.
Əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov
© Photo : Courtesy of Ruslan Humbatov
O bildirib ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar bunlardır:
hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin,
yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin,
əmək qabiliyyətini müvəqqəti itirən işçilərin,
işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə,
həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə,
öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin,
məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin,
müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində müalicə keçən əlillərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Əmək Məcəlləsində müddətli əmək müqaviləsi bağlanan hallar var
Ekspert qeyd edib ki, əgər müəssisə ləğv edilərsə, müddətli əmək müqaviləsinə xitam verilərsə, o zaman bu müddəalar keçərli deyil:
"Məsələn, əgər şəxslə 2 illik müqavilə bağlanıbsa, bu müddətin sonunda o işdən azad edilə bilər. Yəni işçinin müqavilə müddəti bitirsə və yenisi imzalanmırsa, bu, onun avtomatik olaraq işdən xaric edilməsi deməkdir. Lakin həmin 2 il müddətində şəxs işdən çıxarıla bilməz. Əmək Məcəlləsində müddətli əmək müqaviləsi bağlanan hallar mövcuddur. Məsələn, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər".
"Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda da işçinin işdən azad edilməsi qadağandır. Lakin şəxs məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarıla bilər", - deyə o qeyd edib.
Şəxs 3 ay xəstə yatıbsa, həmin dövrdə işdən çıxarıla bilməz
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərə gəlincə, o diqqətə çatdırıb ki, məsələn, şəxs xəsarət alıbsa, xəstələnibsə, əmək qabiliyyətini itiribsə, həmin müddətdə onun işdən çıxarılması qadağandır:
"Tutaq ki, şəxs 3 ay xəstə yatıbsa, həmin dövrdə işdən çıxarıla bilməz. Lakin həmin dövr bitəndən sonra şəxs işdən azad edilə bilər. Ümumilikdə bu müddət 6 ay nəzərdə tutulur, lakin bəzi xəstəliklərə görə bu dəyişir".
Ekspert bildirib ki, əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər heç bir halda, o cümlədən işdə pozuntu törətsə, belə işdən çıxarıla bilməz. Bəzən isə bu vəziyyət işçilər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır.
Şəxs işdən çıxarırlarsa, mediatora müraciət etməlidir
Onun sözlərinə görə, əgər işdən çıxarılması qadağan edilən şəxsi işdən çıxarırlarsa, o "Mediasiya haqqında" qanuna əsasən mediatora müraciət etməlidir:
"Mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş fiziki şəxsdir. Əgər mediator məsələni razılaşdıra bilməsə, şəxs məhkəməyə müraciət etməlidir. Əvvəllər belə hallarda birbaşa məhkəməyə mürciət edilirdi, amma indi isə əvvəlcə mediatora müraciət etmək lazımdır. İşdən çıxarılması qadağan edilən şəxsin işdən çıxarılmasına görə, cərimələr də mövcuddur. Cərimə məsələsinə isə Dövlət Əmək Müfəttişliyi baxır".
İxtisarlar zamanı kimlərin işdə qalmasına üstünlük verilir?
R.Hümbətov işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərdən də danışıb. O bildirib ki, işəgötürən ixtisasları (peşələri) eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
şəhid ailəsinin üzvlərinə,
müharibə iştirakçılarına,
əsgər və zabitlərin arvadına (ərinə),
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara,
həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə,
xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Qeyd edək ki, Əmək Məcəlləsinin 11-ci fəsli əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları görtərilir. Həmin fəsildə işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər, əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar ilə bağlı maddələr yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.