BAKI, 24 may — Sputnik. Mayın 24-də Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm nazirləri və TDT-in baş katibi Bağdad Amrayev iştirak edir.
Toplantını giriş sözü ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıb. O bildirib ki, koronavirus (COVID-19) pandemiyası Azərbaycanın turizm sektoruna mənfi təsir edib, bununla belə, bərpa prosesi başlayıb: Bu ilin 4 ayında ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 103 faiz artıb.
Qeyd edək ki, tədbirin gündəliyinə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, "Müasir İpək Yolu Birgə Turu"nun və "Türk Dünyası Turizm Paytaxtı" layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər daxildir.
Gündəliyə, həmçinin "Türk Dünyası Turizm Paytaxtı haqqında Əsasnamə"nin yekunlaşdırılması, "TDT-nin Turizm üzrə Yol Xəritəsi"nin tamamlanması və digər məsələlər daxil edilib.
Şamaxı şəhəri 2022-ci il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib. Bu qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.
Məlumat üçün bildirək ki, mayın 26-da Türk Dövlətləri Təşkilatının (TDT) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Məsul Nazirlərinin Xüsusi Toplantısı Bakıda keçiriləcək.
Bildirilir ki, tədbir Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ev sahibliyi və TDT-nin baş katibi Bağdad Amrəyevin moderatorluğu ilə keçiriləcək. İclasda TDT-nin Üzv və Müşahidəçi Dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə məsul nazirləri iştirak edəcək.
"TEKNOFEST Azərbaycan" Aviasiya və Texnologiya Sərgisi ilə üst-üstə düşən nazirlərin görüşü "Take Off Baku" Müəssisələri Sammiti və "TEKNOFEST"in açılış mərasimi ilə başlayacaq.
İclasda iştirak edən nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər "TEKNOFEST" turunda iştirak edəcək və müxtəlif pavilyonları ziyarət edəcəklər.
Həmin günün II yarısında nazirlər rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət, kibertəhlükəsizlik alt işçi qrupları çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq, İKT infrastrukturunun inkişafı üzrə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq, "Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında İKT sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun layihəsi, TDT-yə üzv dövlətlər arasında "Ümumi Mobil Cihaz Qeydiyyat Sistemi"nin hazırlanması, "TDT Rəqəmsal İnnovasiya Kataloqu" layihəsinin hazırlanması məsələlərini müzakirə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.