BAKI, 23 may — Sputnik. Rusiyanın "BelGU" Milli Tədqiqat Universitetinin alimləri tərəfindən kəskin otitə qarşı yeni preparat hazırlanıb. Alimlərin fikrincə, onun tərkibi unikal kompleks təsirə malikdir, antibiotiklərə davamlı patogenlərlə mübarizə apara bilir, həmçinin qulaq pərdəsinin zədələnməsinin və eşitmə itkisinin qarşısını alır. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Kəskin orta otit, qulaqda irin toplanması ilə müşahidə olunan iltihablı yoluxucu xəstəlikdir. Ekspertlər izah ediblər ki, ağır hallarda irinli mayenin təzyiqi qulaq pərdəsinin qismən məhvinə səbəb olur ki, bu da eşitmənin ciddi şəkildə pozulmasına və ya onun tamamilə itməsinə gətirib çıxarır.
Ənənəvi olaraq otitin müalicəsi üçün tətbiq olunan vasitələr çox vaxt mikroorqanizmlərin antibiotiklərə qarşı davamlılığının sürətlə artması səbəbindən effektsiz olur. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il 700 mindən çox insan patogenləri antibakterial maddələrə qarşı müqavimət göstərən infeksiyalardan ölür.
Bu problemin həlli üzərində işləyən Belqorod Dövlət Milli Tədqiqat Universitetinin ("BelGU" MTU) alimlər qrupu birbaşa analoqu olmayan yeni yüksək effektli dərman hazırlayıblar.
"Bizim təklif etdiyimiz tərkib patogenlərdə davamlılığın inkişafını azaldır və birləşmiş terapevtik təsir göstərərək qulaq pərdəsinin zədələnməsinin qarşısını etibarlı şəkildə almağa imkan verir. O eyni zamanda iltihabı aradan qaldırır və mikrobların, göbələklərin və virusların yayılmasının qarşısını alır", - deyə "BelGU" Milli Tədqiqat Universitetinin əczaçılıq texnologiyası kafedrasının rəhbəri, professor Yelena Jilyakova bildirib.
Alimlər qeyd ediblər ki, bu gün bu cür kompleks təsirli başqa dərmanlar yoxdur. Onların sözlərinə görə, təklif olunan tərkibə preparatın təsirini uzatmağa imkan verən katyonik antiseptiklər qrupundan olan birləşmə və qatılaşdırıcı antibakterial və iltihab əleyhinə maddələr daxildir.
Onların fikrincə, aktiv komponentlərin tətbiqi xüsusi qulaq aparatı vasitəsilə dərman dozasının qulağın içinə yerləşdirilməsi ilə həyata keçiriləcək.
Əlavələr 3D çap texnologiyasından istifadə edilməklə hazırlanacaq. Bu yanaşma terapevtik təsiri daha uzun və bərabər hala gətirəcək, həmçinin təsirli maddənin sərfini minimuma endirməyə imkan verəcək ki, bu da infeksiyanın törədicilərində davamlılığın inkişaf riskini azaldır.
Hazırda dərman patent qeydiyyatı mərhələsindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.