BAKI, 23 may — Sputnik. Bakı səmasında qırıcı təyyarələrin uçuşu müşahidə edilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazlı Sputnik Azərbaycan-a bildirib ki, qırıcıların uçuşu "TEKNOFEST Azərbaycan" Festivalına hazırlıq məqsədi daşıyır: "Qırıcılar təlim uçuşlarını yerinə yetirir".
O əlavə edib ki, təlim uçuşları festival başlayana qədər davam edəcək.
Mayın 26-29-da ölkəmizdə keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına hazırlıqlar yekunlaşmaq üzrədir.
Qeyd edək ki, "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və indiyədək 4 dəfə təşkil olunub.
"TEKNOFEST Azərbaycan" Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.
Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçiriləcək.
Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün "ağıllı" şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır.
İştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.
Festival çərçivəsində mayın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə Nazirlər Toplantısı təşkil olunacaq. Dəvət olunan ölkələr: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan Təşkilatın Baş katibi tərəfindən iclasın yekunların dair Protokolun imzalanması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.