CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın turizm sektoru yaya hazırdır?

Yüksək keyfiyyətli xidmətdən yararlanmaq üçün gərək ki, turistlərin əlləri ciblərində olsun.
Sputnik
BAKI, 23 may — Sputnik. Azərbaycanın turizm sektoru qarşıdan gələn yay turizm mövsümünə təxminən 80 faiz hazırdır.
Bu sözləri son günlər ölkənin əsas turistik bölgələrindən biri olan Qəbələdə monitorinqlərin aparılmasında iştirak edən turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə yay turizminə müəyyən qədər hazırlıq olsa da, çatışmazlıqlar qalmaqdadır. Turizmdə yol infrastrukturu, ictimai iaşə mərkəzləri, hotellər böyük rol oynayır. Hotellərdə xidmət keyfiyyətli, qonaq qəbuluna tam hazır olmalıdır. Lakin hazırda ölkənin turizm sektorunda hər şeyin yüksək səviyyədə olduğunu demək olmaz.
Ə.Şiriyevin fikrincə, xüsusən də xaricdən qonağın gəlmədiyi vaxtda hotel saxlamaq çətin məsələdir: "Təsəvvür edin, bir hoteldə 30-40 işçi çalışır və onların maaşları vaxtında verilməlidir, kommunal xərclər ödənilməlidir. Turist axını üçün keyfiyyətin yüksək səviyyədə qorunub saxlanılmalıdır. Turist sayı isə hələlik gözlənilən səviyyədə deyil".
Pandemiya dövrünün zərərlərindən bəhs edən ekspert deyib ki, ötən iki ildə kadr itkisi ən böyük problemlərdən biri olub: "Turizm sahəsində kadr yetişdirmək azı 3-4 il vaxt aparır. Hazırda turizm bərpaolunma müddətini keçdiyi üçün yenidən kadr yetişdirmək məcburiyyətindəyik. Kadr çatışmazlığının olması birbaşa xidmət sahələrinə mənfi təsir edir".
O deyir ki, əsas məqsəd öncə yerli vətəndaşlara turizmi sevdirmək, daha sonra əcnəbiləri ölkəyə cəlb etməkdir. Son vaxtlar cənub bölgəsinə axının artdığını vurğulayan Şiriyev bildirir ki, Qəbələyə qoyulan vəsait cənub bölgəsi, yaxud da Gədəbəylə Şəmkirə qoyulsaydı, həmin ərazilər də turistlər üçün cəlbedici olardı.
Mütəxəssis ümid edir ki, Qarabağın işğaldan azad olunması orada turizmin müxtəlif növləri ilə məşğul olmaq imkanı yaradır.
Turizm üzrə ekspert Əhməd Qurbanov isə hesab edir ki, pandemiyanın turizmə əks təsiri olsa da, müsbət təsirləri də olub. Bu müddətdə daxili turizmdə olan boşluqların bir hissəsi aradan qalxıb. Lakin bütün problemlər həllini tapmayıb:
"Pandemiya dövründə hotellərin sayı azalıb. Ölkədə nəinki "5", o cümlədən "4", "3", "2" ulduzlu hotellərin sayını artırmalıyıq ki, qiymətlər hər kəsin büdcəsinə uyğun olsun. Bunun üçün dövlət də müəyyən güzəştlərə getməlidir. Məsələn vergilərlə bağlı güzəştlər olarsa, bu zaman hotellərin sayını artırmaq olar".
Ekspertin fikrincə, yerli turizm növlərinin təsdiqi mütləqdir. Regionlarda daha fərqli turizm növləri yaradılmalıdır ki, turistlər fərqli mənzərə ilə qarşılaşa bilsinlər. Qatarla turizm, yaşıl turizm, qonaq evlərinin yaradılması istiqamətində işlər daha sürətlə aparılmalıdır. Çadır turizmi də inkişaf etdirilməlidir. Çünki turizmin bu növü büdcəsi aşağı olanlar üçün çox əlçatandır. Bu, elə bir turizm növüdür ki, əlavə infrastruktura ehtiyac yoxdur.
Qurbanov qeyd edir ki, hazırda qiyməti normal olan hotel və restoranlar yaxşı, aşağı olanlar isə zəif xidmət göstərirlər. Turistlər öncədən bu vəziyyətə hazır olmalıdırlar. Sahibkarlar isə şişirdilmiş qiymətlərə üstünlük verməməlidirlər.
Qurbanovun sözlərinə görə, 2019-cu ilin yayında Azərbaycan 3 milyondan artıq turist qəbul etmişdi. Bu, o dövrədək ən yüksək göstərici idi. Növbəti illərdə bunun iki qat artacağı gözlənilsə də, pandemiya səbəbindən sərhədlər bağlandı və vəziyyət dəyişdi:
"Əksər məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır. Belə bir dövrdə turistlərin kütləvi şəkildə gəlməsi və getməsi çətinlik yaradır. Bunun üçün qısa zamanda quru sərhədlərimiz açılmalıdır".
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 330 679 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105 %, 112 %, 112 % və 84 % artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61 %, 56 %, 61 % və 64 % geriləmə olub. Bir sözlə, turizmdə pandemiyadan öncəki göstəricilər bərpa edilməyib.
Hotellər turist qarşılamağa hazır olduqlarını desələr də, hazırda axınların bir o qədər çox olmadığını vurğulayırlar. Qiymətlərə gəldikdə isə onlar hər hansı bir ciddi qiymət artımı etmədiklərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.