BAKI, 23 may — Sputnik. Biz Avropa İttifaqının (Aİ) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.
Bu barədə ATƏT-ə sədrlik edən Polşanın "Twitter" hesabında qeyd olunub.
"Birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir. Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə kömək etməyə hazırıq", - deyə bildirilib.
Xatırladaq ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirib: "Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik".
"Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq", - deyə, məlumatda qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.