BAKI, 22 may — Sputnik. Bu həftə Bakıda "Miss & Mister Azerbaijan -2022" gözəllik müsabiqəsi keçirilib. Müsabiqədə bəylər arasında qalib İsa Ələkbərov, xanımlar arasında isə Nurlana Vəliyeva olub. Lakin N.Vəliyevanın qalibiyyəti birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri onun bu titula layiq olmadığını yazıb, ona qarşı tənqidi fikirlər səsləndiriblər.
Maraqlıdır, bəs görəsən, gözəllik müsabiqəsi üçün hansı kriteriyalar vacibdir?
Bununla bağlı "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin baş koordinatoru və xoreoqrafı Ayla Maarifqızının fikirlərini öyrəndik. Ayla xanım bildirir ki, qalibləri tənqid atəşinə tutma ənənəsi hər il olur. Kim qalib olsa, onu da tənqid edəcəklər. Bu tənqidlərin də əskəriyyəti qərəzlidir:
"Onun yeniyetmə yaşlarında olduğu arxiv şəkillərini çıxarıblar üzə ki, belə bir xanımı gözəl seçiblər. Onun indiki görünüşü ilə yeniyetməlik dönəmindəki görünüşünü müqayisə etmək olmaz axı, bu, düzgün deyil. Yeniyetmə yaşlarında hər birimizin üz cizgilərində problemlər olur. Hər bir qadın bilir ki, üzdə və qaşda olan artıq tüklər insanın görnüşünə təsir edir. Həmin fotoda da Nurlananın üzündə və qaşlarında artıq tüklər var".
O ki, qaldı estetik əməliyyatlara və silikon məsələlərinə, Ayla xanım bildirdi ki, Nurlana burun əməliyyatı keçirib. İllər öncə isə az miqdarda dodaq dolğusu etdirib:
"İndiki dönəmdə hər kəs plastik əməliyyat etdirir. Əməliyyat etdirməyənlər belə, kosmetoloji prosedurlar etdirirlər. "Gözəllik müsabiqəsinin qalibi tam təbii olmalıdır" fikri ötən əsrlərin meyarı idi. İndi müsabiqəyə müraicət edən insanın bədən ölçülərində cuzi problem varsa, ona estetik müdaxilə etməsinə icazə verilir".
A.Marifqızı bildirib ki, Nurlananın bədənində heç bir əməliyyat olunmayıb:
"O idmançıdır, gözəldir və peşəkar modeldir. Necə olur ki, bütün brendlər onunla çalışmaq istəyir, moda həftələrində Nurlana podiumlarda olur, amma bizim insanlara gəldikdə "xanım gözəl deyil" deyirlər?! Münsiflər heyəti müsabiqəyə gələnlərin arasından seçir gözəli. Kim gəlmişdisə, həmin xanımların arasından seçim edilib. Deyirlər, daha gözəlləri var. Göndərsinlər daha gözəllərini, 300 nəfər gəlsin, onların arasından seçək daha gözəlini".
Müsabiqəsinin baş koordinatoru onu da bildirir ki, seçimin Bakı Gənclər Mərkəzində baş tutacağı və girişin də sərbəst olacağı əvvəldən elan olunmuşdu. Bilet satışı, kommersiya məsələləri güdmədən giriş pulsuz idi. O rəyləri yazan insanlar niyə gəlməmişdilər ki? Nə bilet pulu vardı, nə də başqa bir şey. Sərbəst şəkildə gəlib, baxa bilərdilər:
"Əminəm ki, onlar orada bütün çıxışları izləsəydilər və Nurlananın necə peşəkar model olduğunu görsəydilər, digər məqamlara da diqqət yetirsəydilər, sonda "Miss və Mister Azərbaycan"la bağlı deyəcəkdilər ki, çox düzgün qərar verilib".
Ayla xanım bildirir ki, bundan əvvəl də qaliblərə qarşı qərəzli mövqe nümayiş etdirilib. Amma hazırda keçmiş qaliblər xarici ölkələrdə ölkəmizi təmsil edir.
Kişilər üçün meyarlara gəldikdə isə Ayla xanım bildirib ki, müsabiqədə iştirak üçün onların boyu ən azı 175 sm olmalıdıdır. Bundan əlavə qamətin düz olması, üz cizgiləri mülayim olmaldır.
"Miss Azerbaijan -2022" gözəllik müsabiqəsinin qalibi N.Vəliyeva açıqlamasında bildirirb ki, o yalnız burun əməliyyatı keçirib. Bədəninin digər hissələrinə müdaxilə edilməsi ilə bağlı iddialar əsassızdır. Yayılmış köhnə fotoya gəldikcə isə model bildirib ki, həmin foto onun yetkinlik dövründə çəkilib və fotomontaj olunub.
"Qeyd edək ki, N.Vəliyeva CBC telekanalında aparıcı vəzifəsində çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.