BAKI, 22 may - Sputnik. ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Ona diplomatik missiyanın cümə günü İstanbulda keçirilən mitinqlə bağlı mövqeyinə irad bildirilib.
Cümə günü İstanbulda Cümhuriyyət Xalq Partiyasının (CHP) təşkilatçılığı ilə müxalifətin mitinqi keçirilib. ABŞ-ın Türkiyədəki səfirliyi mitinqdən əvvəl vətəndaşlarına xəbərdarlıq edərək, Türkiyə hüquq-mühafizə orqanlarının guya sərt davrana biləcəyini vurğulayıb.
"Dünən (21 may) İstanbulda keçirilən mitinq öncəsi ABŞ səfirliyinin xəbərdarlığından narazılıq bu gün (22 may) Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Ceff Fleykə çatdırılıb. Səfirə bu cür mitinqlərdə Türkiyə təhlükəsizlik qüvvələrinin gördüyü tədbirlərlə bağlı əsassız iddialar səsləndirdikləri ilə bağlı narazılıq ifadə olunub”, - mənbə bildirib.
“Hüquq-mühafizə orqanlarının qeyri-mütənasib güc tətbiqinin ciddi problem olduğu ABŞ-da baş verən hadisələrə baxmayaraq, mitinqlərin çoxdan demokratiya ənənəsinə çevrildiyi Türkiyədə mühüm problem olduğu təəssüratı yaratmaq qəbuledilməzdir. Səfirə həmçinin bildirilib ki, Ankara ABŞ rəsmilərindən gələcəkdə öz vətəndaşlarına səyahət və mitinqlərlə bağlı xəbərdarlıq edərkən fakta əsaslanmağı gözləyir”, - mənbə əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.