BAKI, 21 may - Sputnik. Mayın 21-də Şuşada Milli Məclisin birgə komitələrinin iclası keçirilib. İclasda gənclər və idman, həmçinin Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclasında iki məsələ müzakirə edilib.
Deputatlar Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi və Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, aprelin 27-də Şuşada Milli Məclisin daha iki komitəsinin - İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib.
Qeyd edək ki, apreldən başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçiriləcək. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında söyləyib.
O bildirib ki, aprelin 8-də Şuşada Milli Məclisin iki komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası olub. Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq bu hadisə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biri olub.
Sədr onu da vurğulayıb ki, Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi Prezidentin sərəncamı ilə elan edilmiş "Şuşa ili"nə töhfə vermək niyyəti ilə bağlı olub.
"Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq tərtib olunub və komitə sədrlərinə təqdim ediləcək", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.