BAKI, 21 may - Sputnik. Bakıdakı “Hilton Hotel”də əsas mövzusu xalqlar dostluğu və sülh olan "Azerbaijan Fashion Week" Moda Həftəsinin 12-ci mövsümü başlayıb. Burada azərbaycanlı modelyerlərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Tacikistanın ən yaxşı kuturyeləri iştirak edir.
"Moda bayramı yenidən Bakıdadır! Pandemiyadan sonra yenidən görüşmək, ünsiyyət qurmaq, birlikdə həyatdan həzz almaq və ən əsası yaradıcılıq vasitəsilə dostluq və sülh ideyalarını yayımlamaq imkanı yaranıb. Ona görə də bu mövsümün əsas şüarı sadə və vacib sözlərə çevrilib - We are together (“Biz birlikdəyik”)”, - deyə AFW-nin baş direktoru Nicat Baxşəliyev bildirib.
İlk gün azərbaycanlı dizayner Ülkər Həsənova geyimlərini nümayiş etdirib. O, nazlıdan sərtliyə qədər qadın görünüşlərinin qarışığını təqdim etdi.
Ondan sonra Ny Gyul moda evinin növbəsi çatıb. Kolleksiyanın yaradılmasında yay parlaq rənglərindən - çəhrayı, açıq yaşıl, zümrüd yaşılı və bej rənginin bütün çalarlarından istifadə edilib.
Qazaxıstanlı modelyer Djakanbayeva Lariya əsərlərini yaradarkən əsasən açıq rənglərdən istifadə edib. O, düşünür ki, bu paltarları görüşə geyinmək olar.
Miduamo brendinin banisi, modelyer Müjgan Bəşirova ekoloji təmiz moda tərəfdarıdır və buna görə də paltarlarında təbii parçalardan istifadə edir. Nümayişin sonunda modelyer podiuma əsl ilanla birlikdə çıxıb.
Eva Boutique böyük ölçülü paltarlar təqdim edib. Onların yaradılmasında müxtəlif daşlardan istifadə olunub.
Türkiyənin Mimiya brendi əsasən ağ rəngə diqqət yetirib. Onun kolleksiyasına 80-ci illərin palto paltarı, böyük ölçülü pencək paltarı və tüklə bəzədilmiş şalvar kostyumu daxildir.
Zu Sorelle atelyesi müxtəlif üslubda olan gəlinlik və gecə paltarlarını nümayiş etdirib.
Müğənni Günay İbrahimli də ilk dəfə Moda Həftəsində libaslarını təqdim etmək qərarına gəlib. Onun kolleksiyasına parlaq böyük ölçülü şalvar kostyumları və ziyafət paltarları daxildir.
Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün şouları mayın 22-dək keçiriləcək. Xatırladaq ki, "Azerbaijan Fashion Week" 2015-ci ildən keçirilir. Hər dəfə burada müxtəlif ölkələrdən məşhur dizaynerlər iştirak edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.