CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər dənizində monitorinqlərə başlanıldı - Hövsandan dənizə çirkab axıdılır!

Nazim Mahmudov deyib ki, "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub.
Sputnik
BAKI, 20 may — Sputnik. Çimərlik ərazilərində monitorinqlərə başlanılıb. Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, hər il olduğu kimi bu il də aidiyyəti qurumlarla birgə may ayının 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə start verilib.
N.Mahmudovun sözlərinə görə, bu monitorinqlər təkcə çimərlik mövsümündə və ya çimərlik mövsümünə qədər aparılmır:
"İl ərzində bu monitorinqlər aparılır. Yay aylarına yaxın isə biz monitorinqlərin sayını artırırıq. Mövsümə qədər çalışırıq ki, hansı çimərliklərin əhalinin istifadəsinə daha yararlı olduğunu müəyyənləşdirək. Təxminən iyun ayının əvvəlinə yaxın müddətdə monitorinqin nəticələrini ictimaiyyətə çatdırmağı planlaşdırırıq".
O qeyd edib ki, monitorinqlər iki qurum tərəfindən aparılır: "Həmin çimərlik ərazilərində dəniz suyu nümunələri götürülür və Səhiyyə Nazirliyində və ETSN-in laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərinə baxılır. Buna uyğun olaraq müəyyənləşdiririk ki, hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmə var".
N.Mahmudov deyib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir. O bildirib ki, ETSN olaraq dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar: "Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.