TƏHSİL

Təhsil Nazirliyində çalışanların özlərini imtahan etmək lazımdır - Ekspert

Təhsil üzrə ekspert Kamran Əsədov hesab edir ki, yaşlı müəllimlər üçün sertifikasiyadan keçmək bir üstünlükdür.
Sputnik
BAKI, 20 may — Sputnik. Təhsil üzrə ekspert Kamran Əsədov Təhsil Nazirliyində təşkil olunan, özünün də qatıldığı görüşün yekunlarından bəhs edərkən, müəllimlərin sertifikatlaşdırılması məsələsinə toxunub.
Onun sözlərinə görə, sertifikatlaşdırılma 2 mərhələdən ibarətdir. Birinci mərhələdə maksimum bal 60-dır. 30 bal toplayan şəxs ikinci mərhələyə buraxılır. Burada maksimum bal 40 baldır, 20 bal toplayan sertifikatlaşdırılmadan keçmiş hesab edilir.
Bu iki mərhələdən birindən keçid balı toplanılmasa, müəllimə dərs saatına, maaşına, iş yerinə toxunmadan hazırlaşmaq üçün bir il vaxt verilir. Növbəti ildə müvafiq bal toplanmazsa, müəllimlə bağlanmış müqaviləyə xitam verilir.
Ekspert bildirir ki, bundan sonra həmin şəxs adi qaydada müsabiqədə iştirak edərək müəllim ola bilər. MİQ-dən kənar işə qəbul olanlar sertifikatlaşdırılmada iştirak edə biləcəklər:
"Müəllim daimi müqavilə ilə dövlət orta məktəbində çalışırsa, o heç bir məhdudiyyət olmadan sertifikatlaşdırılmada iştirak edəcək".
İkili ixtisası olan müəllimlərlə bağlı məsələyə aydınlıq gətirən ekspert bildirir ki, müəllim istəyərsə, iki, yaxud da elə bir fənnə görə sertifikasiyadan keçə bilər.
Ən çox sual doğuran məqamlardan biri isə 65 yaşlı müəllimlərlə bağlıdır. Ekspert qeyd edir ki, 65 yaşlı müəllimlər istəklərinə bağlı olaraq sertifikatlaşdırılmada iştiak edə, yaxud da bundan imtina edə bilərlər. Onların sertifikatlaşmada iştirakı müqavilələrinin uzaldılmasına imkan verə bilər.
K.Əsədov qeyd edir ki, müəllimin öz ixtisasından, illərdir dərs dediyi fəndən müəllim yanına getməsi ayıbdır.
Bununla belə, ekspert hesab edir ki, Təhsil Nazirliyində çalışanların özlərini imtahan etmək lazımdır:
"Təhsil Nazirliyi dövlət orqanıdır və burada işə qəbul dövlət qulluğuna qəbul imtahanı ilə olur. 16 fərqli qanunvericilik aktından ibarət test imtahanından sonra isə daha çətin müsahibə mərhələsi baş tutur. Şəxs 1 il sınaq, 6 ay staj müddəti keçdikdən sonra işə qəbul olunur".
"Onlar imtahandan keçiblər. Lakin bu şəxslərin vəzifə öhdəliklərini nə qədər yerinə yetirib-yetirmədiyi ayrı mövzudur", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.