PAYTAXT XƏBƏRLƏRİ

Bakıda nə qədər bina söküləcək? - Yüzə qədər binanın qəzalı vəziyyətdə olduğu bildirilir

Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, dövlət başçısının tapşırığı ilə paytaxtda yerləşən qəzalı binaların siyahısı hazırlanır.
Sputnik
BAKI, 20 may — Sputnik. Paytaxtda 122 minə yaxın yaşayış binasının söküləcəyi barədə məlumat yayılıb. Xəbərə görə, bu, Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planında öz əksini tapıb. Məlumatda qeyd olunur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.
Bəs görəsən Bakıda söküləcəyi bildirilən bu binalar hansılardır?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildildi ki, paytaxtda söküləcəyi iddia olunan 122 min bina ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Belə bir məsələ Baş planda öz əksini tapmayıb. Bu, hansısa ekspert tərəfindən səsləndirilən fikirdir. O, bu rəqəmi fərdi yaşayış evləri daxil olmaqla nəzərdə tutub.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Bakıda ümumiyyətlə 122 min yaşayış binası yoxdur. Hazırda Bakıda yerləşən 11800 yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Digər yaşayış binaları isə kooperativ və müxtəlif dövlət qurumlarının balansındadır:

"Prezidentin tapşırığı ilə Bakıda yerləşən qəzalı binaların siyahısı hazırlanır. Bunun üçün müvafiq komissiya yaradılıb. Hələ də bu iş davam edir".

Yaşayış binasında çat, arxiv şəkli
İcra Hakimiyyətindən onu da bildiriblər ki, binanın qəzalı olması barədə rəy Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən verilir. Bu rəy verildikdən sonra qəzalı yaşayış binasının sökülməsi məsələsinə baxıla bilər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bu rəqəmin inandırıcı olmadığını bildirib. Deyib ki, Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzilli yaşayış binası ancaq olar. Paytaxtda istismar müddətini başa vurmuş cəmi 11 minə yaxın bina var ki, onların da içində 100-dən bir qədər artığı qəzalı vəziyyətdədir:
"Hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. Onlar 60-70-ci illərdə inşa olunub. Yüzdən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir. Həmin binalar zamanla sökülür və yeniləri ilə əvəzlənir".
Daşınmaz əmlak üzrə ekspert, Elnur Fərzəliyev
E.Fərzəliyevin sözlərinə görə, paytaxt ərazisində sökülən binalar, əsasən, Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonlarındakı "xruşşovka" "alman" layihəli binalardır. Onların ərazisində yeni hündürmərtəbəli binalar inşa olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.