BAKI, 19 may — Sputnik. Yerevanın müxtəlif yerlərində etiraz aksiyaları və yürüşlər keçirilir, yollar və küçələr müvəqqəti olaraq bağlanıb.
Etirazçılardan biri Yerevandakı Razdan stadionunun yaxınlığında ictimai avtobusa minərək Ermənistan bayrağını dalğalandırmağa başlayıb.
Deputat Aqnes Xamoyan canlı yayımda deyib ki, polis onu yerə yıxıb, daha sonra polis bölməsinə aparmağa cəhd edib. Buna cavab olaraq etirazçılar polis avtobusunun yolunu bağlayıblar, ancaq etirazçını polisin əlindən almaq mümkün olmayıb. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Bununla belə, polis izdihamın hərəkətini dayandıra bilib. Müxalifətçi Levon Köçəryanın sözlərinə görə isə, polis hələ də avtobusa minən fəalı apara bilməyib.
Səhər saatlarından Yerevanın müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar Yerevanın mərkəzi küçələri ilə yürüş edərək, bəzi hissələrdə müvəqqəti olaraq yolları bağlayırlar.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.