BAKI, 19 may — Sputnik. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Tərəflər Ermənistan və Aİ arasında münasibətləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Mirzoyan Yerevanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də mövcud problemlərin sülh yolu ilə həlli ilə bağlı mövqeyini Borrellə bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri problemlərin hərtərəfli və uzunmüddətli həllinə nail olunmasında beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk qrupunun dəstəyinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.