BAKI, 19 may — Sputnik. Rusiyanın məşhur müğənnisi, ermənipərəst mövqeyi ilə tanınan Lyubov Uspenskayanın Bakı Konqres Mərkəzində baş tutacaq konsertinin ləğvi ilə bağlı məlumat yayılıb.
Məlumatda bildirilib ki, Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə gözlənilən konsertlə bağlı şikayət ərizəsi ilə müraciət edib. O, nazirliyin nümayəndələrinə Lyubov Uspenskayanın qızğın ermənipərəst mövqedən çıxış etdiyini, mediada və sosial şəbəkələrdə Azərbaycan və onun lideri əleyhinə fikirlər səsləndirdiyini bildirib. Azərbaycanı və onun məmurlarını təhqir edərək, guya sadə azərbaycanlılara məhəbbətlə bağlı açıqlamalar verib. Nazirlikdən həmin vətəndaşa konsertin ləğv olunduğu bildirilib.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə Sputnik Azərbaycan-a bildirib ki, sözügedən konsert artıq ləğv olunub. O qeyd edib ki, Nazirlik ifaçının ölkəmizə qarşı postları ilə tanış olduqdan sonra konsertin ləğvi barədə göstəriş verib.
Bakı Konqres Mərkəzindən isə Nazirliyi təkzib ediblər. Bildirilib ki, sözügedən konsert oktyabrın 9-da Konqres zalında baş tutacaq. Konsertin hansı şirkət tərəfindən təşkil olunduğu sirr saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.