BAKI, 19 may — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən daxil olan müraciətdə deyilir: Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq mayın 21-dək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Müraciətdə vurğulanıb ki, qaydalara biganəlik – həyatımıza təhlükədir!
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.