BAKI, 19 may — Sputnik. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə kollegiya iclası keçirilib.
Nazirlikdən bildirilib ki, P.Şahbazov Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlarda energetika sahəsinin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirildiyini və bu istiqamətlərə uyğun olaraq bir sıra strateji vəzifələrin irəli sürüldüyünü qeyd edib. Diqqətə çatdırılıb ki, energetika sektorunda əsaslı islahatlara yönəlmiş bu vəzifələrin uğurla yerinə yetirilməsinin ən mühüm şərtlərindən biri müasir çağırışlara cavab verən qanunvericilik bazasının yaradılmasıdır. Ötən dövr ərzində Energetika Nazirliyi tərəfindən bununla bağlı bir sıra işlər görülüb və bu istiqamətdə fəaliyyət məqsədyönlü şəkildə davam etdirilməlidir. Kollegiya iclasında da məhz bu məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sonra Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi tərəfindən "Qaz təchizatı haqqında" qanuna əsasən hazırlanmış "Texniki xidmətin nəticəsinə dair aktın forması"nın təsdiq edilməsi haqqında kollegiyanın qərar layihəsi nümayiş etdirilib. Akt layihəsinin hazırlanması ilə bağlı görülmüş tədbirlərə dair hesabat təqdim olunub. Aktın tətbiqi proseduru, təsdiq olunduqdan sonra təşviqi və kommunikasiyası kimi məsələlərlə bağlı suallar cavablandırılıb. Aktın tərtib olunmuş formada təsdiq edilməsi qərara alınıb.
"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun tətbiqindən irəli gələn məsələlərin icra vəziyyəti və görülən işlər barədə məlumat verilib. Azərbaycan Prezidentinin və Nazirlər Kabinetinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası çərçivəsində hazırlanmış alt qanunvericilik aktları haqqında danışılıb.
Daha sonra "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun tətbiqindən irəli gələn məsələlər haqqında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Sonda nazir müzakirə edilən məsələlər üzrə atılacaq növbəti addımlar və qarşıya qoyulan vəzifələrin operativ və səmərəli icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.