BAKI, 19 may — Sputnik. Azərbaycan və Belarus şirkətləri arasında 55 milyon dollar həcmində müqavilələr bağlanıb.
Bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov bildirib.
Onun sözlərinə görə, müqavilələrin əksər hissəsi ağac emalı sahəsini əhatə edir.
Sənədlərə əsasən Belarusdan Azərbaycana aşağıdakı məhsullar tədarük ediləcək:
▪️ faner (17,9 milyon dollar)
▪️ taxta piltələr (14,4 milyon dollar)
▪️ laminat döşəmə (7,4 milyon dollar)
▪️ taxta-şalban (2,1 milyon dollar)
Bundan başqa digər məhsullar:
▪️ yapışqan faner (5,3 milyon dollar)
▪️ üçqat sellülozla üzlənmiş taxta (2,4 milyon dollar).
İmzalanmış müqavilələr həmçinin qida məhsulların tədarükünü nəzərdə tutur:
▪️ quru süd məhsulları (2 milyon dollar)
▪️ uşaq qidası və digər ixtisaslaşdırılmış məhsullar (1,2 milyon dollar).
Ayrıca şüşə və büllur məmulatların tədarükü üzrə 1 milyon dollar həcmində sənəd imzalanıb.
Xatırladaq ki, dünən Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu bildirilib, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Dövlət başçıları səviyyəsində şəxsi münasibətlərin Azərbaycan-Belarus əlaqələrinin inkişafında mühüm amil kimi dəyərləndirilib.
Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq 2021-ci ildə Azərbaycan-Belarus ticarət dövriyyəsinin artdığı bildirilib.
Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələrinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin əhəmiyyəti vurğulanaraq Belarusun Baş nazirinin sərgi ilə şəxsən tanış olması yüksək qiymətləndirilib.
Görüşdə həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Görüşün sonunda baş nazirlərin iştirakı ilə Azərbaycan-Belarus sənədləri imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.