BAKI, 18 may — Sputnik. İşəgötürən tərəfindən müəssisə ləğv olunduqda əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edilməklə xitam verilə bilər. Bu hallarda əmək müqaviləsi ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq işdən çıxarma müavinəti ödənilir.
Əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov Sputnik Azərbaycan-a işdən çıxarma müavinətinin hesablanması məsələsini şərh edib.
Əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov
© Photo : Courtesy of Ruslan Humbatov
İşçiyə rəsmi xəbərdarlıq edilməlidir
Ekspert bildirib ki, ixtisar zamanı işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi rəsmi xəbərdar edilməlidir. Əvvəllər işçi ixtisar olunardısa, stajından asılı olmayaraq, 2 ay qabaqcadan ona məlumat verilməli idi. Lakin 2017-ci ildən sonra qaydalar dəyişdi. Mövcud qaydaya görə, əmək müqaviləsi ləğv edilirsə, işçi əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar olunmalıdır:
1 ilədək əmək stajı olduqda – azı 2 təqvim həftəsi;
1 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 təqvim həftəsi;
5 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 təqvim həftəsi;
10 ildən çox əmək stajı olduqda – azı 9 təqvim həftəsi.
O qeyd edib ki, bu halda əmək stajı deyəndə söhbət çalışanın həmin müəssisədə qazandığı əmək stajından gedir. Bu, işçinin ümumi stajına aid deyil. Lakin digər bütün hallarda – məzuniyyət hesablananda, əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablananda və s. ümumi staj nəzərə alınır. Yalnız işçilərin sayı və ya ştatları ixtisar edildikdə işdənçıxma müavinəti hesablanan zaman müəssisədəki staj nəzərə alınır.
Onun sözlərinə görə, xəbərdarlıq müddəti ərzində işçi hər iş həftəsində orta əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
İşdən çıxarma müavinəti
Ekspert diqqətə çatdırıb ki, müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndləri (müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə ləğv edilərkən çalışana əmək stajından asılı olaraq işdən çıxma müavinəti ödənilir. Aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:
1 ilədək əmək stajı olduqda – orta əməkhaqqı miqdarında;
1 ildən 5 ilədək əmək stajı olduqda – orta əməkhaqqının azı 1,4 misli miqdarında;
5 ildən 10 ilədək əmək stajı olduqda – orta əməkhaqqının azı 1,7 misli miqdarında;
10 ildən çox əmək stajı olduqda – orta əməkhaqqının azı 2 misli miqdarında.
Məsələn, işçinin orta əmək haqqısı 1000 manatdırsa, staja görə müavinətlərin hesablanılıb ödənilməsi təxmini belə olacaq:
1 ilədək stajı olan işçi - 1000 manat (orta əməkhaqqı miqdarında);
1 ildən 5 ilədək stajı olan işçi – 1400 manat (1000 manat x 1,4 misli)
5 ildən 10 ilədək stajı olan işçi – 1700 manat (1000 manat x 1,7 misli)
10 ildən çox stajı olan işçi – 2000 manat (1000 manat x 2 misli).
Bu müavinət çalışanın işdən çıxdığı gün birdəfəlik ödənilir.
O bildirib ki, əgər işçi xəbərdarlıq müddətini gözləmək istəmirsə, daha tez işdən çıxarılmasını istəyirsə, bu zaman xəbərdarlıq müddəti əvəzinə ona ödəniş verilir. Başqa sözlə, azı iki həftə xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqının 0,5 misli, azı dörd həftə xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının 0,9 misli, azı altı həftə xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqının 1,4 misli, azı doqquz həftə xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqının 2 misli miqdarında işçiyə ödəniş edilir. Məsələn, 11 il stajı olan şəxsin orta əməkhaqqısı 1000 manatdırsa, o, doqquz həftə gözləmək istəmirsə, bunun əvəzinə də ona əlavə 2 min manat ödəniş ediləcək. Beləliklə, həmin şəxs işdənçıxma müavinətinə görə 2 min manat, xəbərdarlıq müddəti əvəzinə də 2 min manat pul alacaq (cəmi 4 min manat).
Əgər işçi xəbərdarlıq müddətini gözləyirsə, buna görə ona əlavə ödəniş edilmir.
İşsizlikdən sığorta ödənişi
Ekspert əlavə edib ki, hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya ştatların ixtisar edilməsi ilə əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
Çalışanlar Əmək Məcəlləsinin 70-ci maddəsinin a və b bəndlərinə uyğun olaraq işdən azad edildikdə və azı 1 il sığorta stajına malik olduqda məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər. Bu zaman onlara ən çox 6 ay müddətinə müvafiq məbləğ verilir.
Qeyd edək ki, işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması da nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.