BAKI, 18 may — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin aprelində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərlə əlaqədar statistik göstəriciləri açıqlayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, apreldə dövlət tibb müəssisələrinə 849 min 726 nəfər 1 milyon 571 min 809 dəfə müraciət edib.
Əhaliyə göstərilən tibbi xidmətlərin sayı isə 3 milyon 448 min 90 olub. Tibbi xidmətlərin 84 faizi ambulator, 16 faizi stasionar şəraitdə göstərilib.
Pasiyentlərin 30 faizini uşaqlar, 70 faizini böyüklər təşkil edib. Onların müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı, endokrin, tənəffüs, həzm, sidik-cinsiyyət, sümük-əzələ sistemi və birləşdirici toxuma, göz və gözün əlavə aparatının, sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə əlaqədar olub.
Bu ilin aprelində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 329 min 213 nəfər 644 min 555 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciətlərin 41 faizini təşkil edir. Əhaliyə göstərilən tibbi xidmətlərin sayı isə 1 milyon 364 min 139 olub və həmin göstərici də bütün tibbi xidmətin 40 faizini təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələri sırasına Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Xəzər Tibb Mərkəzi, Binəqədi Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi daxildir.
Bu ilin aprelində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 537 min 152 nəfər 927 min 254 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciətin 59 faizini təşkil edir. Əhaliyə 2 milyon 83 min 951 tibbi xidmət göstərilib və bu göstərici ümumi bütün tibbi xidmətin 60 faizini təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələri Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Abşeron, Quba, Balakən və Şəki rayon mərkəzi xəstəxanalarında göstərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.