İQTİSADİYYAT

Beş ölkədən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb

Tətbiq olunan məhdudiyyətlərin məqsədi respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasıdır.
Sputnik
BAKI, 18 may — Sputnik. Daha 5 ölkədən quşçuluq məhsullarının idxalı və ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Məqsəd respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasıdır.
İndoneziyanın Açeh və Cava-Timur əyalətlərindən, İsveçin Skane əyalətindən, Bolqarıstanın Qabrovo vilayətindən, ABŞ-ın Yuta ştatından, Filippinin İsabela, Cənubi Davao, Cənubi Kotabato və Maqindanao əyalətlərindən quş və quş əti məhsullarının idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Həmin ərazilərdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə ABŞ-dan, İsveç Krallığından, İndoneziya, Filippin və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Agentlik başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq tədbirlər həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.