BAKI, 18 may — Sputnik. Əgər "Avroviziya-2022"də heç bir texniki xəta olmayıbsa, onda Azərbaycana belə bir müsabiqədə iştirak etməyə dəyməz.
Bunu "Avroviziya-2011"-in qalibi Eldar Qasımov respublikanın müsabiqənin münsiflərindən çıxarılmasını şərh edərkən bildirib.
"Hər şey mümkün qədər təmiz və şəffaf olmalıdır. Bu, musiqi bayramıdır və söz-söhbətə yox, xoş təəssürata, xatirələrə səbəb olmalıdır", - deyə ifaçı qeyd edib.
Eyni zamanda Eldar Qasımov bir neçə gün səbr edib hadisənin nə ilə bitəcəyini gözləməyin düzgün olduğunu düşünür.
"Ümid edirəm ki, hər şey mehribanlıqla başa çatacaq", - deyə o, əlavə edib.
Qeyd edək ki, "Avroviziya-2022" mahnı müsabiqəsinin final mərhələsində anlaşılmazlıq baş verib.
Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti bu barədə məlumat yayaraq bildirib ki, müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərib. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilib. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Şirkət nümayəndələri isə bu istəyi qətiyyətlə rədd ediblər.
Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib. Canlı yayımda onlardan alınan nəticələrin deyil, azərbaycanlı jürinin səslərini açıqlayacaqları, bu məsələni isə ictimailəşdirəcəkləri bildirilib. Yalnız bundan sonra cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən "qəribəliyin" olduğu barədə məlumat verilib.
Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb və özlərini istədikləri nəticələri elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.
Halbuki Azərbaycanda səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb.
"Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik. Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək", - deyə İTV Yayım Şirkətinin məlumatında deyilir.
Xatırladaq ki, mayın 14-də İtaliyanın Turin şəhərində 66-cı "Avroviziya-2022" mahnı müsabiqəsi başa çatıb.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
Müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb.
Yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.
Builki yarışmanın şüarı "Gözəlliyin Səsi" ("The Sound of Beauty") olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli "Rai" telekanalının təşkilatçılığı ilə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.