BAKI, 17 may — Sputnik. Rusiya Mərkəzi Asiya dövlətlərinin ən böyük donorudur, lakin bu yardım ikitərəfli xarakter daşıyır. Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "Valday" Beynəlxalq Müzakirə Klubunun II Mərkəzi Asiya Konfransının açılışında bildirib.
"Rusiya regionun ən böyük donorudur. Ümumilikdə, 2008-2022-ci illər ərzində Mərkəzi Asiya ölkələrinə 6,2 milyard ABŞ dollarından çox yardım göstərilib", - deyə nazir müavini qeyd edib.
Rudenkonun sözlərinə görə, Rusiya Federasiyasında daimi əsaslarla yaşayan və işləyən Mərkəzi Asiyanın dörd milyondan çox vətəndaşı var.
"Həqiqətən də, Rusiya maraq göstərilən böyük bir bazardır. Təkcə ona görə yox ki, bu, Mərkəzi Asiya dövlətlərinə hansısa formada kömək etməyə imkan verir, həm də bir sıra ekspertlərin fikrincə, Rusiya ÜDM-nin təxminən 8%-ni əmək miqrantları yaradır. Yəni, bu yardım ikitərəfli xarakter daşıyır", - deyə xarici işlər nazirinin müavini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya Mərkəzi Asiyanın ən böyük investoru mövqeyini saxlayır.
"2010-2021-ci illər ərzində bu regionda toplanmış Rusiya sərmayələri təxminən 30,5 milyard dollar təşkil edir. Ticarət dövriyyəsi pandemiya çətinliklərinə baxmayaraq, artır, 2021-ci ildə ticarət dövriyyəsi 37 milyard dollar təşkil edib. Artım orta hesabla təxminən 30% təşkil edir", - deyə diplomat bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.