BAKI, 17 may — Sputnik. Bu günədək Qarabağda dörd kiçik su elektrik stansiyası (SES) bərpa olunub. Bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərinin "yaşıl" enerji zonasına çevrilməsi planlaşdırılır.
"Bu strategiyanın layihəsi Yaponiyanın "Tepsco" şirkəti ilə birgə hazırlanır. Qarabağda bu günədək dörd kiçik su elektrik stansiyası bərpa olunub, beş kiçik SES-in bərpası üzrə işlər davam etdirilir. Daha on səkkizini isə özəl investisiyalar hesabına bərpa etmək planlaşdırılır", - o deyib.
E.Soltanov qeyd edib ki, Energetika Nazirliyi Azərbaycanın külək enerjisi potensialını 3 min meqavatt, su enerjisi potensialını 23 min meqavatdan çox, kiçik SES-lərin potensialını 520 meqavatt, bioenerji potensialını 280 meqavatt həcmində dəyərləndirir. Bütün Azərbaycan ərazisində külək enerjisinin potensialı 157 giqavatt həcmində dəyərləndirilir.
"Azərbaycanda elektrik enerjisi tarifləri müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Ölkədə elektrik enerjisi bir sıra ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur. Bu balansın təmin olunması üçün hökumət müvafiq subsidiyalar hazırlayıb", - deyə nazir müavini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.