BAKI, 17 may — Sputnik. Mayın 16-da səhər saat 07:29-da başlayaraq 8:53-dək Ay tutulması baş verib. Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olub. Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə edilməyib.
Astroloqların sözlərinə görə, dünən həmçinin Günəşdə aktivliyin artması müşahidə olunub. Astroloqların proqnozlarına görə, mayın 20-də baş verəcək cüzi dalğalanmalar, mayın 24-də müşahidə olunacaq mülayim maqnit qasırğası, mayın 25-27-də isə Yerin geomaqnit sahəsində pozumalar olacaq.
Hava şəraitindən asılı olaraq insanların səhhətində pisləşmənin olacağı proqnozlaşdırılır. Bəzi şəxslərdə yorğunluq, əsəbilik müşahidə olunacaq. Maqnit qasırğası xüsusi risk qruplarına mənfi təsir edəcək.
Ürək-qan damar və digər xroniki xəstəlikləri olan insanlar, qismən ahıllar və azyaşlılar səhhətlərini pis hiss edəcəklər. Belə şəxslərdə davamlı baş ağrıları, halsızlıq müşahidə olunacaq.
Dövlət Gömrük Hospitalının kardioloqu Nigar Rəhmətova deyir ki, Ay və Günəş tutulmasının psixoloji fəsadları var. Yəni, bu təbiət hadisələrinin mənfi təsirlərini düşündükdə belə, insan səhhətində, xüsusən də mərkəzi sinir sistemində problemlər üzə çıxır:
"Xroniki xəstəlikləri olan, əsəb xəstəliyindən əziyyət çəkənlər, bundan başqa, qalxanvari vəzidə problemi olanlar diqqətli olmalıdır. Panika keçirən şəxslər xüsusən diqqətli olmalıdır. Belə olan halda onların qan təzyiqi qalxa, başları gicəllənə bilər. Belə günlərdə həmin şəxslərə məsləhət görürük ki, sakit olmağa, açıq havada daha az zaman keçirməyə çalışsınlar. Əsəb xəstələri sakitləşdirici otlardan, dərmanlardan istifadə edə bilərlər".
Günəş tutulması, arxiv şəkli
© AP Photo
Mütəxəssis bildirir ki, təzyiqi olan şəxslər də sakitləşdirici və təzyiq üçün xüsusi əhəmiyyəti olan, həkim tərəfindən təyin edilən dərmanlar içə bilərlər:
"Bu xəstələr belə günlərdə daha çox dincəlməyə, fiziki işlə məşğul olmamağa çalışmalıdırlar".
Terapevt Nazilə Xəlilbəyova isə açıqlamasında xüsusən də günün 13:00-dən 17:00-dək olan saatlarında Günəş şüaları altında olmamağı tövsiyə edir:
"Bundan başqa, bol maye qəbul etmək, gərginlikdən uzaq olmaq, yüngül qidalarla qidalanmaq, qızardılmış yeməklərdən uzaq olmaq tövsiyə olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.