BAKI, 17 may — Sputnik. Paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2022-ə hazırlıq işləri davam edir. Tədbir çərçivəsində, quraşdırma işləri ilə əlaqədar 16 may, gecə saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.
Qeyd edək ki, Formula-1 Bakı yarışları paytaxtımızda 2016-cı ildən keçirilir. Bu il Formula-1 Bakı yarışları iyunun 10-12-si keçiriləcək.
Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.