BAKI, 17 may — Sputnik. İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkına 50 milyon manatdan çox investisiya yatırılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
O, bu barədə Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda danışıb.
"Parkda yaradılacaq yeni iş yerlərinin sayı 1000-dən çox olacaq. İndiyə qədər 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun 4-ü son bir ayın payına düşüb. Rezidentlər tam şəkildə lazımi infrastrukturla təmin ediləcək, bundan sonra onlar istehsal müəssisələrinin inşasına başlayacaqlar", - deyə nazirlik rəsmisi qeyd edib.
Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və həmin layihələr Agentlikdə təhlil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.