BAKI, 16 may — Sputnik. Beynəlxalq Muğam Mərkəzində görkəmli qarmon ifaçısı Xanlar Cəfərovun xatirəsinə həsr edilən gecə keçirilib. Gecədə Xanlar Cəfərovun yaradıcılıq yoluna nəzər salınıb, sənət yoldaşları, dostları sənətkarla bağlı xatirələrini bölüşüblər.
Kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova təəssüf hissi ilə qeyd edib ki, sənətkar sağlığında yetırincə qiymətləndirilməyib:
"Əfsuslar olsun ki, Xanlar müəllim dövlət tərəfindən yetərincə qiymətləndirilmədi. Amma nə edək, o qədər sənətkarlar olub ki, dünyadan fəxri adsız gediblər. Amma onlar xalqın qəlbində əbədi yaşayıblar. Xanlar müəllim də sənətsevərlərin qəbində əbədi yaşayacaq".
Əməkdar artist Lalə Məmmədova Xanlar Cəforovla olan iş birliyindən danışıb:
"Xanlar müəllim, çox təəssüf ki, çox az mahnılar bəstələdi. Əsasən rəqs havalarının müəllifi oldu. Amma onunla bir mahnı üzərində işlədik. "Ay sevgilim" adlı mahnı mənim repertuarımda ən sevilən mahnıya çevrildi".
Gecədə həmçinin Xalq artistləri Aftandil İsrafilov və Ənvər Sadıqovun "Qaytağı" ansamblı, Əməkdar artist Zakir Mirzəyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli Konservatoriyanın dosenti Aydın Əliyev, tanınmış qarmon ifaçılar Şəmsi Ağamalıyev, Nemət Hüseynov, BMM-in solistləri Mirələm Mirələmov, Abgül Mirzəliyev, Kamilə Nəbiyeva və Xanlar Cəfərovun tələbəsi, tanınmış qarmon ifaçısı Orxan Mirnatiqoğlu da çıxış edib. Gecədə tanınmış sənət adamları ilə yanaşı, Xanlar Cəfərovun tələbələrinin ifaları da təqdim olunub.
Məlumat üçün bildirək ki, Xanlar Cəfərov 2 fevral 1956-cı ildə Bakının Əmircan kəndində doğulub. Ötən əsrin 80-ci illərində yaradılmış "Ümid" rəqs və musiqi ansamblının bədii rəhbəri olub. Bir çox musiqilərin müəllifi kimi tarixə düşüb. Sənətkar 2020-ci ilin martın 31-də 64 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xanlar Cəfərov 1973-cü ildən Azərbaycan Dövlət Filarmoniyasında, Dövlət Rəqs Ansamblında qarmon ifaçısı kimi fəaliyyətə başlayıb. 2001-2009-cu illərdə "Azneftyağ" istehsalat birliyinin musiqi ansamblında konsertmeyster kimi çalışıb.
Unudulmaz ifaçının çoxsaylı konsert proqramlarından olan lent yazıları televiziyanın arxivində saxlanılır. Bir çox rəqs havalarının və mahnıların müəllifi olan və qarmon ifaçılıq sənətinin inkişaf etməsində misilsiz xidmətləri olan Xanlar Cəfərovun adı xalq artisti, canlı korifey Aftandil İsrafilovla yanaşı çəkilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.