"Küləklər şəhəri", yoxsa "Pak məkan"? - paytaxtımızın adının etimologiyasına dair fikirlər
Abşeronda ərəb dilləri üçün səciyyəvi olan toponimlərlə yanaşı, etimoloji cəhətdən türk dillərinə söykənən etnonimlərlə bağlı kənd adları da mövcuddur. Onların əksəriyyətinin tarixi hələ tam araşdırılmayıb.
SputnikBAKI, 16 may — Sputnik. Bakı və onun kəndlərinin hər biri qədim tarixə malikdir. Bu kəndlər xalqımıza və ölkəmizə neçə-neçə ictimai-siyasi xadim, mədəniyyət və incəsənət nümayəndələri bəxş edib. Paytaxtın tarixini, etimologiyasını, burada yaşayan müxtəlif, qədim köklü nəsillərin şəcərəsini araşdıran mütəxəssis Xəyalə Günəş Bakı və onun kəndlərinin etimologiyası haqqında Sputnik Azərbaycan-a söz açıb.
Ölkəmizin paytaxtının etimalogiyası barədə danışan müsahibimiz bildirib ki, Bakı bəzi mənbələrdə "Badi - Kubə", "küləklər şəhəri" kimi tanınır. Lakin, Bakının əslində əsl mənası "bakı", yəni pak məkan deməkdir:
"Əsas versiya pak məkandır. Çünki, orta əsrlərdə və daha qədim dövrlərdə övliyalar Bakıya gəlmiş, bu məkanda məskunlaşıblar. Ona görə də bu məkanda müqəddəs yerlər daha çoxdur. Orta əsrlərdə Azərbaycana səfər etmiş ərəb və ingilis səyyahları öz əsərlərində bunu qeyd ediblər".
"Abşeron" sözünün etimologiyası ilə bağlı da müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Yəni mənası "Şor su" deməkdir.
Bir çox alimlərin fikrincə isə "Abşeron" Oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, Təbrizdən Dərbəndə gedən karvan yolunun üzərində "Əfşəran" adlı yaşayış məntəqəsi olub.
Orta əsrlərdə Xəzər dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında "Əfşəran" adlı şəhərin mövcudluğu haqqında da məlumatlar var. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayıb. Onlar Nadir şah Əfşarın dövründə bir müddət hakimiyyəti də ələ ala bilmişdilər. Odur ki, Abşeron toponiminin "əfşar yaşayan yer" kimi izah olunması da məntiqə uyğun gəlir.
Müsahibimiz bildirir ki, Bakının Maştağa, Şağan, Türkan və Zığ kəndlərinin adları qədim türk tayfalarının adından götürülüb. Binəqədi isə "bineyi-qədim" sözündən gəlir, yəni, "ta qədimdən" anlamına gəlir.
Araşdırmaçı xanımın sözlərinə görə, bəzi Bakı kəndlərinin adları İslam dinin Azərbaycana yayıldığı vaxtdan sonra verilib. Ona görə də Bakı kəndlərinin adlarını daha çox dinlə əlaqələndirirlər. Çünki, Abşeron yarımadasında seyyid nəsilləri, İslamı həmin bölgələrdə yayanlar daha çox olub.
"Məsələn, Hökməli, Məhəmmədi, Fatmayı İslam dininin Azərbaycana yayılmasından sonra yaranıb. Hökməli kəndinin etimologiyasına nəzər salsaq, onun da bir neçə versiyası var. "Hökm" və "Əli", yəni "Əlinin hökmü". Hz.Əlinin hökmü ən çox bu kənddə icra olunurdu. Daha bir versiya isə "hökm" və "ali". Yəni, hökmlərin ən alisi o kənddə verilirdi".
"Burada arxeoloji qazıntılar da aparılmayıb. Bakı kəndlərinin bir çox tükr tayfalarının adları ilə bağlıdır. Bakının 32 kəndi yox, 39 kəndi olub. Mərhum meyxanaçı Ağasəlim Çildağın meyxanasında 32 kənd sözü keçir. O da onu qafiyəyə uyğun olaraq səsləndirib. O meyxanadan sonra belə bir fikir formalaşıb ki, Bakının 32 para kəndi var. Şüvəlanı, Dübəndini, Lökbatanı, Binəni, Atyalını kənd olaraq göstərə bilmərik. Bunlar bir qəsəbə olub. İçərişəhər də bu 39 kəndə daxildir. Abbasqulu Ağa Bakıxanov da öz əsərlərində Bakı kəndlərinin adlarını qeyd edib".
Fatmayı kəndinin adı ilə bağlı da bir çox versiyalar var. Bir versiyada bildilir ki, bu toponim Həzrət Fatimeyi-Zəhranın adı ilə bağlıdır. Əhali arasında yayılan əsas versiya bundan ibarətdir ki, kənd yelçəkən ərazidə yerləşdiyinə görə buranı "mehi fəth edən yer" mənasına uyğun olaraq, "Fatmehi" adlandırıblar:
"Məhəmmədi kəndi yaxınlığında yaşayış məskəni olduğunu tarixi əsərlərdə qeyd edilib, həmin məskənin adı "Qurd yuvası" və "Kirməkin" kimi göstərilib. Bu da qədim türk adıdır və bu da onu göstərir ki, bura tarixi bir yerdir".
Müsahibimiz təəssüflə qeyd edir ki, Bakı kəndlərinin etimalogiyası tam araşdırlmayıb:
"Papanin", "Sovetski", "Kubinka", "Vosmoy", "Sedmoy" və s. kimi adların etimalogiyasına gəldikdə isə həmsöhbətimiz qeyd edir ki, həmin adlar 1920-ci illərdən sonra yaranıb:
"Azərbaycan Cumhuriyyəti süqut etdi, ondan sonra Sovet hakimiyyəti dövründə Bakı şəhəri getdikcə böyüdü. Burada əhalinin sayı artdı. Xüsusən də təhsil alıb gələn gənclər keçmiş "Sovetski" küçəsində məskunlaşdılar. Getdikcə binalar tikilməyə başladı. Həmin ərazilərə də rus adları və sözləri verildi. Bakı kəndlərinin adlarına gəldikdə isə onlar çox qədimə gedir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.