SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əsədov Əbu-Dabiyə gedib

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumla görüşüb.
Sputnik
BAKI, 16 may — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfər edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Əbu-Dabi Beynəlxalq Hava Limanında Baş naziri BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qarşılayıb. Suhail Al Mazrouei ilə qısa görüş əsnasında Baş nazir Əli Əsədov görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Baş nazir Əli Əsədov daha sonra BƏƏ Prezidentinin iqamətgahında bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb. Ə.Əsədov Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Hökuməti və xalqı adından BƏƏ-nin dövlət başçısına dərin hüznlə başsağlığı verib.
Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında böyük xidmətləri olduğu vurğulanıb. Eyni zamanda yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin daha da çiçəklənəcəyinə, Azərbaycan-BƏƏ əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunub.
Baş nazir Əli Əsədov, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumla görüşüb, ona dərin hüznlə başsağlığı verib.
Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurlu inkişafı xüsusi vurğulanıb, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da gənişlənəcəyinə əminlik ifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.