BAKI, 16 may — Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın beynəlxalq hava limanları 900 minə yaxın sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 2 dəfə çoxdur.
Təkcə ötən ay isə sərnişin axını 247,5 min nəfər təşkil edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan və ya gələn sərnişinlərin payına düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.