CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda işləməyə daha çox imkan var - Koreyalı nanotexnoloqun uğurlu elmi cəhdləri

Gənc mütəxəssislərin üzərində çalışdığı cihaz həm görmə, həm də eşitmə məhdudiyyəti olanlar üçün faydalıdır.
Sputnik
BAKI, 16 may — Sputnik. Azərbaycan ərazisi küləklərdən hali deyil. Ölkəmizdə küləklər nəinki çox əsir, hətta bəzi mənbələrə görə, Vətənimizin paytaxtının adı da küləklə sıx bağlıdır. Bu təbiət hadisəsinin ölkə ərazisində çox tez-tez baş verməsi alternativ enerji ilə bağlı iş görmək üçün böyük imkanlar yaradır.
"Laborator şəraitdə turbo-elektrik nano generator yaratmışıq, bu cihaz üçün hərəkətlilik çox önəmlidir. Yaratdığımız cihazı zamanla inkişaf etdirməyi düşünürəm". Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi Tədqiqat Laoratoriyasının aparıcı elmi işçisi, koreyalı Jisok Kim deyib.
Külək elektrik stansiyası, arxiv şəkli
Qeyd edək ki, Jisok Kim Koreyada magistr, Kanadada "Elektron sistemlər üzrə mühəndislik" təhsili alıb, sonra bir müddət nanotexnologiyalar sahəsində çalışıb, hazırda isə Azərbaycanda biliklərini və təcrübəsini tətbiq edir.
2019-cu ildə ölkəmizə üz tutan aparıcı elmi işçi deyir ki, Azərbaycana gəlməsinin səbəbi burada inkişaf, iş üçün daha uyğun imkanların olmasıdır:
"İnkişaf etmiş ölkələrdə infrastruktur onsuz da var. Azərbaycanda isə mənim üçün işləməyə daha geniş imkan vardı. Burada çalışdığım 3 ildə iki məqaləm beynəlxalq elmi jurnalda çap olunub".
BDU-nun nəzdində fəaliyyət göstərən laboratoriyada ölkəmizin enerji ilə bağlı bir sıra perspektivləri öyrənilir. Burada görülən digər işlərdən söz açan laboratoriyanın əməkdaşı Orxan Güləhmədov isə bildirib ki, hazırda ölkədə alternativ enerji imkanları araşdırılır. Bunun üçün biomexaniki enerji istehsalının faydaları öyrənilir. Biomexaniki enerji istehsalı üçün laboratoriyada xüsusi cihaz da yaradılıb:
"Hər gün insanların hərəkətindən biomexaniki enerji istehsal olunur. Bizim məqsədimiz bu enerjiləri toplamaqdır. Bunu toplamaq üçün ayaqaltına yerləşdiirlə bilən sistem yaratmışıq".
Onun sözlərinə görə, insanlar hərəkət etdikdə həmin sistem enerjini generasiya edir, əldə olunan enerji super tutumlulara yığılır:
"Görmə və eşitmə məhdudiyyətli insanalrı düşünürək bu layihəni yaratmışıq. Bu şəxslər parkda hərəkət edən zamanı biomexaniki enerji hasil olunur. Generator vasitəsilə biz onu elektrik enerjisinə çevirə bilirik. Bu layihəmiz yxın günlərdə ölkə üzrə keçirilən müsabiqələrin birində birincilik qazandı. Beləcə, əldə olunan enerji vasitəsilə telefonlar, digər cihazları da enerji ilə təmin edə bilərik".
Gözdən əlil, arxiv şəkli
O.Güləhmədov bildirir ki, sensor görmə məhdudiyətli şəxslərin özlərini idarə etmək üçün istifadə etdikləri çubuğun üzərinə yerləşdirilir. Hədəf görülən kimi siqnal səsi işə düşür və şəxs onu eşidir. Eşitmə məhdudiyyəti olan şəxslər isə vibrasiya vasitəsilə qarşıda maneənin olduğunu hiss edə bilir:
"Laboratoriya şəraitində biz bu cihazı yaratmışıq. Lakin bunun sənayedə tətbiqi, yəni, istehsalı və geniş kütləyə ötürülməsi hələ ki, mümkün deyil".
Onun sözlərinə görə, bundan əlavə bioloji təbabətdə sensorların yaradılması ilə bağlı da tədqiqatlar aparılır.
Su dalğalarının enerji potensialından istifadə məsələsinə toxunan Güləhmədov dalğaların enerjisini generasiya edən sistemlərin olduğunu, bunun üçün platformaların yaradılmalı olduğunu deyir:
"Xəzər dənizindəki su kütləsinin dalğası özü böyük həcmdə bir enerjidir. Odur ki, Xəzər dənizində bu cür platformalar yaradıla bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.