BAKI, 15 may - Sputnik. Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.
İmtahanlarda 14 112 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanlarda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.
Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Ümumilikdə imtahanların idarə olunmasına 59 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1 332 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı və 59 bina nümayəndəsi ayrılıb. İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunur.
İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Qeyd edək ki, bu gün aşağıdakı şəxslər imatahan verəcək:
- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
- aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.