VİDEO

Şamaxıda yaşayan 106 yaşlı qadının menyusu nədən ibarətdir? VİDEO

1917-ci ildə Ağsu rayonunun Bicov kəndində doğulan Nasxanım İmaməliyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Nasxanım nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır.
Sputnik
Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.
Hazırda Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayan Nasxanım İmaməliyeva uzun müddətdir ki, qızının yanında qalır.
Nasxanım nənə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində ömrünün maraqlı məqamlarından, zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. O, ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri yaxınlarından eşitdiyini bildirib.
Nasxanım nənənin ailəsi kasıb və zəhmətkeş olub. O, dörd övladını çox çətinliklə böyüdüb, boya -başa çatdırıb. Yoldaşı 1941-1945-ci illərində müharibədə, özü isə arxa cəbhədə xidmət edib.
Həmin illərdə insanların necə aclıq keçirdiyini və xəstəlikdən əziyyət çəkdiyini gözləri önündə canlandıran Nasxanım nənə uzun illər kolxozda işləyib. Üzüm, pambıq, taxıl yetişdirib, zəhmət çəkib, halal çörək qazanıb. Zəhmətkeş əməkçi kimi xidmətlərinə görə bir neçə dəfə medalla təltif edilib.
Nasxanım nənə deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır:
"Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz".
Nazxanım nənədən uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejmini heç vaxt pozmur. Deyir ki, masanın üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır, yeməkləri qarışdırmaq olmaz.
Nənənin qızı Yavər İmaməliyevanın sözlərinə görə, anası hər zaman təbii ərzaqlarla qidalanıb. Menyusunda hər gün təbii bal və tərkibi müxtəlif tərəvəzlərdən ibarət yemək olur. Boyat çörək və ya yeməyi ümumiyyətlə yemir. Toyuq və mal ətini yeməsə də, qoyun əti sevimli yeməklərindəndir.
Bu il nənə 106 yaşını qeyd etməyə hazırlaşır. Yaşının çox olmasına baxmayaraq, o, özunü gümrah hiss edir.
Qeyd edək ki, 105 yaşlı Nasxanım nənə hazırda nəvə-nəticələrinin, kötücələrinin ağbirçəyi olaraq böyük bir nəslə rəhbərlik edir. Onun 4 övladı, 15 nəvəsi, 20 nəticəsi, 2 kötücəsi var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.