Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri ayaq saxlamağa vadar edir.
Lalələr sanki insanları ana təbiətin bu gözəlliyindən zövq almağa çağırırlar. Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən al qırmızı lalələr Şamaxıda füsunkar mənzərə yaradıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, dəmyələrdə əkilmiş sinəsi laləli taxıl sahəsi bu əsrarəngiz gözəlliyi görənlərin marağına səbəb olur.
Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır. Yoldan ötənlər yamyaşıl çöllərin bəzəyi olan lalələrlə şəkillər çəkdirərək sosial platformalarda paylaşırlar.
Sputnik Azərbaycan-ın əməkdaşı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında təbii xalçaya bənzəyən laləli çölləri fotokameranın yaddaşına köçürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.