BAKI, 13 may — Sputnik. "Himayədar ailə" modelinin tətbiqi istiqamətində normativ hüquqi bazaların yaradılması, qurumlar arasında razılaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bildirib. O söyləyib ki, normativ hüquqi bazaya uyğun idarəetmənin qurulması üçün elektron altsistemin hazırlanması prosesi gedir və prosesin icrası üçün işçi heyət hazırlanır.
Qeyd edək ki, "Himayədər ailə" modelində əsas məqsəd uşaqların sosial xidmət müəssisələrinə düşməməsi, ailədə böyüməsidir. Həmin ailələrə dövlətin sosial xidmət dəstək mexanizmləri müəyyən edilib və bu mexanizmlər çərçivəsində o ailələrə dəstək veriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.