AZƏRBAYCAN XƏBƏRLƏRİ

İstilik enerjisi sahəsində yeni cərimələr gəlir

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. İstehlakçı tərəfindən maneələrin törədilməsinə görə fiziki şəxslər 20 manat cərimə ödəyəcəklər.
Sputnik
BAKI, 13 may — Sputnik. İstilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədilməsinə görə yeni cərimələr müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, istilik paylayıcısının səlahiyyətli şəxsinin qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə ediləcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, elektroenergetika — elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsidir.
"Elektroenergetika haqqında" qanun elektrik və istilik enerjisinin istehsalının, nəqlinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını müəyyən edir.
İstilik enerjisinin qiymətləri dövlət tərəfindən tənzimlənir.
İstilik enerjisi qurğularının quraşdırılması, işə salınması və istismarı daim müvafiq tələblərə və texniki standartlara cavab verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.