BAKI, 13 may — Sputnik. "Duluscular", "Şərbablar", "Bağbanlar" və s. Bunlar Şəkidə sakinlərin ərazilərə verdiyi adlardır. Bu şəhərdə yerli sakinlər əksər küçələri rəsmi adı ilə deyil, qədim məhəllə adları ilə tanıyırlar. Hazırda Şəkidə "Samançılar", "Yuxarı Baş", "Dağ Dibi", "Çöl Yol" və bu kimi 100-dən çox məhəllə adları var ki, onlar uzun illər dəyişməz olaraq qalır. Həmin küçələrin adları rəsmi sənədlərdə başqa cür göstərilsə də, sakinlər məhəlli adlara üstünlük verirlər. Məsələn, Əbdürrəhim Bəy Haqverdiyev küçəsini şəkililər "Dəmirçi Bulağı" məhəlləsi kimi tanıyırlar.
Şəkidə qəribə adət - sakinlər küçə adlarını bilmirlər
© Sputnik / Ibrahim Hashimov
Şəhər sakinləri bildirirlər ki, uşaqlıqdan bu adlar onların beyninə həkk olunub. Bu səbəbdən də yaşadıqları küçənin rəsmi adı onlara yalnız şəxsiyyət vəsiqəsini harasa təqdim etdikdə və ya yaşayış yerindən arayış aldıqda lazım olur. Həm sakinlər, həm də sürücülər məhəllə adları ilə hərəkət etməyin onlar üçün daha rahat olduğunu bildirirlər. Şəhər sakini İlqar İslamov deyir ki, hətta bəzi küçələrin əsl adını bilmirlər.
"Şəkidə küçələr adətən məhəllə ilə tanınıb. Məsələn, desən ki, Sarabski küçəsi haradır, oranı tanımayacaqlar. Azadlıq küçəsini də soruşsan tanımayacaqlar. Yalnız desən "Gəncəli məhəlləsi", həmin an bilinir ki, yuxarı tərəfdir", - deyə İlqar İslamov bildirib.
Şəkidə qəribə adət - sakinlər küçə adlarını bilmirlər
© Sputnik / Ibrahim Hashimov
Şəki sakini Zöhrə Allahverdiyeva da deyir ki, taksi sifariş verdikdə getdikləri yerin adını məhəllələrə uyğun söyləmək məcburiyyətində qalırlar.
"Harasa getmək lazım olduqda, küçə adları ilə tanınmır. "Qumbaralar" var, "Qurdlar Doqqazı" var, "Pavilyon" var. Bu cür tanınır", – Z. Allahverdiyeva əlavə edib.
Taksi sürücüsü olan Həsən Şikiyev də bildirir ki, ata-babadan Şəkinin əraziləri məhəllə adları ilə tanınıb. Ona görə də məhəlli adlarla ünvan tapmaq onlara daha asan gəlir.
Şəkidə qəribə adət - sakinlər küçə adlarını bilmirlər
© Sputnik / Ibrahim Hashimov
"Məsələn, maşına oturur, onun dediyi məkanı mən tanıya bilmirəm. Amma deyəndə ki, "Ələsgər Bəy"ə, "Qədiroğlu"ya, "Doçalar"a sür, onda tanıyıram", – Həsən Şikiyev vurğulayıb.
Uzun illər taksi sürücüsü işləyən Tərlan Məmmədov da yeni küçə adlarını yadda saxlamaqda çətinlik çəkdiyini deyir.
"Şəhər adı qoyulandan dədə-babalarımız o ləqəblərlə, məhəllə adları ilə işləyiblər. Biz də elə götürmüşük".
Şəkidə qəribə adət - sakinlər küçə adlarını bilmirlər
© Sputnik / Ibrahim Hashimov
Folklorşünas Elşən Zəkəriyyəbəylinin sözlərinə görə, sadalanan adlar qədim etnoslardan gəlib və bu gün də qorunaraq saxlanır. Hətta, görkəmli şair Bəxtiyar Vahabzadə də əsərlərində doğulduğu məkanı məhəllə adları ila göstərib.
"Bir az aşağıda "Qurqurlar" var. O, sənətkarlıqla bağlı məhəllə adıdır. "Səhlab" məhəlləsi və "Şərbablar" sənətkarlıqla bağlıdır. "Qullar" məhəlləsi qədim qul tayfaları ilə əlaqəlidir. Ona görə elə sakinlər də gedəcəkləri yeri yeni ünvanlarla yox, qədimdən tanınan bu məhəlli adlarla nişan verirlər", - Elşən Zəkəriyyəbəyli əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.