CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

Cavid Şahmalıyev bildirib ki, 0-3 yaşa qədər 148, 4-11 yaş arası-70, 12-18 yaş arası 20 uşaq övladlığa verilib.
Sputnik
BAKI, 13 may — Sputnik. 2019-cu ildən bu günədək Azərbaycanda övladlığa uşaq götürmək üçün müraciətlərin və övladlığa verilmiş uşaqların sayı açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkə hesabında "Sosial saat"ın qonağı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bu barədə məlumat verib.
Onun sözlərinə görə, 2019-cu ilin noyabr ayından Sosial Xidmətlər Agentliyinə övladlığa uşaq götürmək üçün 643 müraciət daxil olub:
"Valideyn namizəd olmaq niyyəti ilə 2020-ci ildə isə 157 nəfər müraciət edib. 2019-cu ilin 1 noyabr tarixindən may ayının 13-dək bizim alt sistemə müraciət edən valideyn namizədlərə 238 uşaq övladlığa verilib. Bu ilin yanvarın 1-dən may ayının 13-dək isə 90 uşaq övladlığa verilib. Onların 123 nəfər oğlan, 115 nəfər qızlardır. 0-3 yaşa qədər 148, 4-11 yaş arası-70, 12-18 yaş arası 20 uşağın övladlığa verilməsi prosesi baş verib.
O bildirib ki, 2019-cu ildən indiyədək övladlığagötürmə ilə bağlı qeydə alınan 643 müraciətdən 101-i nənə-babalardır. Həmin müraciətlərdən 61-nə müsbət rəy, 31-nə isə imtina cavabı verilib: "Qiymətləndirmə zamanı məlum olub ki, həmin müraciət formal xarakter daşıyıb".
C.Şahmalıyev bildirib ki, övladlığa götürmə ancaq uşağın mənafeyi üçün baş verən prosesdir. O qeyd edib ki, 2019-cu il 1 noyabrdan övladlığa verilmə ilə bağlı proseslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bunun üçün sistem yaradılıb.
C.Şahmalıyevin sözlərinə görə, Ailə Məcəlləsində övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu dəyərləndirilməlidir: "Övladlığa götürmə ilə bağlı alt sistem var. Əvvəlki illərlə müqayisədə bu gün övladlığa uşaq götürmək üçün müraciət edənlər daha məlumatlıdırlar. Onlar artıq qayğı niyyəti ilə müraciət edirlər. Biz də son illər əsas maarifləndirməni bunun üzərində qurmuşduq ki, onlar övladlığa götürəcəkləri uşağa qayğı niyyəti ilə yanaşsınlar".
Departament müdiri onu da bildirib ki, ucqar ərazilərdə yaşayanlar da övladlığa götürmə ilə bağlı ilkin məlumatları əldə edə bilərlər: "142 çağrı mərkəzi internetə çıxışı olmayan, ucqar kənd sakinlərinə övladlığa götürmə ilə bağlı ilkin məlumat almaq imkanı yaradır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.