Bu kənddə içməli və suvarma suyunun olmaması səbəbindən sakinlər aylardır ki, əziyyət çəkdiklərini deyirlər.
Çarəsiz qalan sakinlər kənd ərazisindən keçən çirkab suların axıdıldığı arxdan istifadə etməyə məcbur qaldıqlarını bildirirlər.
Kənd sakinlərinin sözlərinə görə həyətində avtomobili olanlar içməli suyu rayon mərkəzindən daşımaqla problemi qismən həll edə bilsə də, imkansız ailələrin çoxu çirkab sulardan istifadə etməyə məcburdurlar. İlin bütün fəsillərində susuzluqdan əziyyət çəkən sakinlər kəndin yaxınlığından keçən su kanalına ümid bəsləsələr də, kanalın suyu da çirkləndirilib. Şikayətçilər deyir ki, suyun həddindən artıq çirkli olması suda olan bütün canlıların, həyətlərdəki meyvə ağaclarının məhvinə səbəb olub.
Kənd sakinlərinin əsas gəlir mənbəyi maldarlıq, taxılçılıq olsa da, susuzluq üzündən vəziyyət heç də ürəkaçan deyil. Suyun olmaması sakinlərin taxil və bostan sahələrindən istifadə edə bilmələrinə də əngəl olub. Güman havaların yağmurlu olmasına qalır. Əgər vaxtında yağış yağmasa, kəndlilərin əkin sahələri də məhv olur. Yerli sakinlər iddia edirlər ki, fərdi təsərrüfatlarında olan iri və xırda buynuzlu mal-qara, toyuq-cücə arasında olan xəstəliklərin geniş yayılmasına səbəb də çirkab sulardan istifadə edilməsidir.
Məsələ ilə bağlı Ucar suvarma sistemləri idarəsinin baş mühəndisi Asif Orucov bildirib ki, hazırda suvarma suları digər kəndlərdə olan taxıl sahələrinə yönəldilib. Məhz bu səbəbdən sözügedən kənd ərazisində bir qədər çətinlik var.
Baş mühəndisin sözlərinə görə, Ucar rayonu ərazisində suvarmə suyunun mənbəyi olmadığından qonşu rayonların su mənbələrindən istifadə olunur. Bu səbəbdən ortaya belə bir problem çıxıb. Amma mövsümi suvarma işləri yekunlaşdıqdan sonra Lək kəndi də suvarma suyu ilə təmin olunacaq. Həmin sudan yerli sakinlər həm təsərrüfatda, həm də gündəlik ehtiyacları üçün istifadə edə biləcəklər.
İdarədən o da bildirilib ki, sakinlərin şikayəti Ağdaş və Ucar şəhər ərazisindən keçən kanalizasiya sularının axdığı Sarı Su Qobu kollektoru ilə bağlıdır. İstifadəyə yararsız olan bu kanalın suyundan hansısa məqsədlə istifadə etmək qəti qadağandır. Baş mühəndisin sözlərinə görə həmin yararsız sular Baş Şirvan kollektoruna, oradan da Xəzər dənizinə axıdılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.