CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

65 yaşdan yuxarı şəxslər niyə Həccə gedə bilməz? QMİ-dən açıqlama

İlahiyyatçı Elşad Mahmudov bildirib ki, dini nöqteyi nəzərdən Həccə getməyə yaş məhdudiyyəti yoxdur.
Sputnik
BAKI, 13 may — Sputnik. Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.
O əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək: "Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək".
Həcc ziyarətyinə tətbiq edilən yaş məhdudiyyəti birmənalı qarşılanmayıb. Azərbaycanlı müsəlmanlar Həccə getməyə yaş məhdudiyyətinin qoyulmasının onların arzusunu həyata keçirməyə mane olduğundan gileylənirlər.
67 yaşlı Bakı sakini Ramiz Əsgərov deyir ki, o illərdir Həccə getmək üçün pul toplayır. Pandemiya səbəbindən Həcc ziyarətinin təxirə salınması, ötən il ona bu arzusunu həyata keçirməyə imkan verməyib. Bu il isə 65 yaş tələbi səbəbindən Həcci ziyarət edə bilməyəcək: "Müsəlmanların arzusu var ki, ömründə bir dəfə Həcci ziyarət etsin. Kimisi bu arzusuna tez çatır, kimisi də gec. Mənim də Həccə getməyə bu il imkanım çatıb. Bu yaşıma qədər Həcdə olmağı arzulamışam. İndi də deyirlər ki, yaşın 65-i keçib, olmaz".
İlahiyyatçı Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dini nöqteyi nəzərdən Həccə getməyə yaş məhdudiyyəti yoxdur. Onun sözlərinə görə, mal varlığı, sağlamlığı yerində olan hər bir müsəlman Həccə gedə bilər: "Amma Həccin ayinlərini yerinə yetirmək üçün insan sağlam olmalıdır. Ona görə də verilən qərarları yerinə yetirməkdə fayda var. Bu qərara da hörmətlə yanaşmalıyıq. Həccə getmək arzusunda olan zəvvarlar səbirli olsunlar. Əgər Allah təala onlara bunu nəsib edəcəksə, bu arzularına çatarlar".
QMİ-dən isə Sputnik Azərbaycan-a bildiriblər ki, bu qərar Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən verilib. İdarə verilən qərara uyğun davranmağa məcburdur: "Çox güman ki, bu sırf pandemiya dövrünə uyğun verilmiş qərardır. Yaşlı insanları koronavirusdan qorumaq məqsədi daşıyır".
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi bu il ölkə daxili və xaricindən bir milyon zəvvarı qəbul edəcəyini açıqlayıb. Tələblərə görə, bu il Həcc ziyarətinə gələcək zəvvarlar 65 yaşında olmalı, COVID-19-a qarşı peyvənd olunmalı, Səudiyyə Ərəbistanına gəlməzdən 72 saat ərzində COVID testi neqativ olmalıdır.
Qeyd edək ki, bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib. 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar bu ziyarətə gedən olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Həcc ziyarətinə gedən vətəndaşlarımıza qadağa var